Valideynlər üçün uşaqlarını necə qidalandırmaq barədə internetdə və sosial mediada çoxlu, bəzən də ziddiyyətli məsləhətlər mövcuddur. Bu isə qarışıqlıq yarada və prosesi stresli edə bilər – xüsusilə uşaq seçici yeyicidirsə, allergiyası və ya müəyyən sağlamlıq vəziyyəti varsa.
E-saglam.az xəbər verir ki, uşaqların orqanizmi zülallar, yağlar, karbohidratlar kimi makroelementlərə və vitaminlər, minerallar, fermentləşdirilmiş qidalar kimi mikroelementlərə ehtiyac duyur. Əlbəttə, su da unudulmamalıdır – kifayət qədər su həzmə, bədənin təmizlənməsinə və temperaturun tənzimlənməsinə kömək edir.
Uşaqlar böyüdükcə onların qida ehtiyacları da dəyişir. Müxtəlif yaş qruplarında vacib elementlərə nəzər salaq:
2–6 yaş arası:
Bu dövrdə beyin çox sürətlə böyüyür – 3 yaşına qədər yetkin ölçünün 80–90%-nə çatır. Sümüklər, əzələlər və immunitet sistemi də inkişaf edir.Vacib qidalar:
Əzələ və toxumaların bərpası üçün zülal
Güclü sümüklər və dişlər üçün kalsium
Kalsiumun udulmasına və sümük inkişafına kömək edən D vitamini
Beyin inkişafı üçün sağlam yağlar
7–10 yaş arası:
Məktəb dövründə öyrənmə və zehni fəaliyyət artır.Vacib qidalar:
B vitaminləri – öyrənmə, fokus, sinir sistemi və enerji üçün
Sink – immuniteti gücləndirir, bilişsel performansa dəstək verir
Maqnezium – sinir sistemini sakitləşdirir, yuxuya kömək edir və kalsiumun udulmasını dəstəkləyir
11–14 yaş arası:
Erkən yeniyetməlik – sürətli fiziki və emosional dəyişikliklərin olduğu mərhələdir. Bu, körpəlikdən sonra ən intensiv böyümə dövrüdür.Vacib qidalar:
Əzələ və hormon istehsalı üçün zülal
Sümük böyüməsi üçün kalsium
Qızlarda menstruasiya ilə əlaqədar olaraq dəmir (anemiyanın qarşısını almaq üçün)
Oğlanlarda testis inkişafı və sperma istehsalı üçün vacib olan sink
15–18 yaş arası:
Yetkinlik tamamlanır, amma hələ də böyümə sıçrayışları olur. Bu mərhələdə həm fiziki, həm də zehni tələbat yüksəkdir.Vacib qidalar:
Dəri, əzələ və böyümə üçün zülal
Enerji üçün karbohidratlar və hormonal tarazlıq üçün sağlam yağlar
Ürək və böyrək sağlamlığı üçün kalium
Görmə üçün A vitamini
Böyümə, maddələr mübadiləsi və tiroid funksiyası üçün yod
Bu yaşlarda uşaqlar daha çox müstəqillik qazanır və yemək seçimlərini özləri etməyə başlayırlar. Bu, həm qidalanma vərdişlərini inkişaf etdirmək, həm də məsuliyyət hissini gücləndirmək üçün əla fürsətdir.
Uşaqların qidalanmasında əsas məqsəd müxtəliflik və balansdır. Hər yaşda lazımi qida maddələrini təmin etmək onların sağlam inkişafı, beyin fəaliyyəti və emosional rifahı üçün vacibdir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az