EN

Hər səhifəsi bir tarixdir

"Azərbaycan" qəzeti tarix yazıb. Çünki olduqca mürəkkəb, qarışıq bir zamanda qurulmuş müstəqil cümhuriyyət hökumətinin çətin, mücadilələrlə, mübarizələrlə dolu yoluna yoldaş idi. Azərbaycan Xalq Cümhuriyyətinin birinci rəsmi qəzeti kimi fəaliyyət göstərmək ona nəsib olub.

Həmyaşıd deyildilər. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Tiflisdə qurulmuşdu. "Azərbaycan" qəzeti isə cümhuriyyət hökumətinin Gəncə dövründə fəaliyyətə başladı.

Müjdə ilə açılan səhər

Qəzetin, necə deyərlər, ayağı sayalı oldu. Nəşrinin ilk günü - 1918-ci il sentyabrın 15-də Azərbaycan tarixinin ən şanlı, qələbə sevincli günlərindən biri oldu. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu və milli hərbi hissələrimiz tərəfindən bolşevik-daşnak birləşmələrindən ibarət qoşun məğlubiyyətə uğradıldı, Azərbaycanın paytaxtı azad edildi. Xəbər verildi ki, Bakı işğaldan azad edildi, şəhərdə sakitlik bərqərar olundu. Beləliklə, milli hökumət ilk başlıca vəzifəsini yerinə yetirdi. Qarşıda isə hələ çox böyük, təxirəsalınmaz vəzifələr, mühüm işlər vardı...

"Azərbaycan" qəzetinin ilk nömrəsi Gəncə şəhərində Yelizavetpol qubernatorunun mətbəəsində işıq üzü gördü. Qəzetin səhifələrinə göz gəzdirdiyi anda hər bir vətənpərvər oxucunun üzü güldü, qəlbi fərəhləndi. Çünki "Azərbaycan" qələbə müjdəsini verirdi: "Bakının süqutu. Dün gecə Azərbaycan Cümhuriyyəti Riyasəti namına Nuri Paşa həzrətləri tərəfindən böylə teleqraf kəşidə edilmişdir: "Bismihil-kərim, Bakı şəhəri 15.9.34 saət 9 əvvəldə qitəatimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Farik Nuri".

Yeni mətbu orqanın birinci nömrəsində həmin möhtəşəm günə həsr olunmuş xəbərlər, təbrik teleqramları verildi. Nuru Paşanın sentyabrın 15-də Gəncəyə göndərdiyi başqa bir teleqramda Azərbaycan hökuməti Bakıya dəvət edilirdi: "Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti-Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.09.18. Yavərani-həzrəti-şəhriyaridən. Farik-Nuru".

Azərbaycan Xalq Cümhuriyyəti Heyəti-Vükəla (Nazirlər Şurası) rəisi Fətəli xan Xoyskinin cavab teleqramında isə bildirilirdi: "Qafqaz İslam Ordusu komandanı səadətli Nuru Paşa həzrətlərinə. Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyətpərvəranələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim, əfəndim. Heyəti-Vükəla rəisi Fətəli xan".

Gəncədən Bakıya...

"Azərbaycan" ilk addımını asanlıqla atmamışdı. Mürəttib çatışmazlığı, kağız və şrift qıtlığı ilə bağlı çətinliklərin həlli, dərc ediləcək materialların toplanması xeyli zəhmət tələb etdi. Ancaq yaradıcı heyət böyük səylə, əzmkarlıqla bu işlərin öhdəsindən gəldi. 

Qəzetin ilk nömrəsi A-3 formatda, dörd səhifə həcmində, iki dildə nəşr olundu. İki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində oldu. Rusca nəşri xırda istisnalarla Azərbaycanın tərcüməsi idi.

"Azərbaycan" qəzeti redaksiyasının ilk ünvanı Gəncə şəhəri, Bulatov küçəsindəki 26 nömrəli ev oldu. Lakin əməkdaşları şübhə etmirdilər ki, cümhuriyyət hökuməti idarələri kimi, "Azərbaycan"ın redaksiyası da bu şəhərdə müvəqqəti yerləşib. Qəzetin sentyabrın 19-da rus dilində çapdan çıxan ikinci nömrəsində yazılırdı: "Hökumət idarələri hələlik Gəncədə fəaliyyət göstərir. Bu günlərdə hökumət ilk imkan düşən kimi mərkəzi idarələri Bakıya köçürəcəkdir".

"Azərbaycan"ın üçüncü nömrəsi sentyabrın 22-də, dördüncü nömrəsi isə sentyabrın 25-də işıq üzü gördü. Dörd səhifəlik - üç səhifəsi rus, bir səhifəsi Azərbaycan dilində olan dördüncü buraxılışda "Azərbaycan" qəzetinin Bakıya köçməsi barədə elan dərc olundu. Qəzetdə rus dilində "Gəncə, 25 sentyabr 1918" sərlövhəli yazıda Azərbaycan hökumətinin 3 aylıq fəaliyyətdən sonra Gəncəni tərk edərək öz paytaxtına köçdüyü bildirildi. Məqalədə Gəncənin Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətli yer tutduğu da vurğulanırdı. "Azərbaycan"ın həmin nömrəsində "İdarədən" verilən xəbərdə bildirildi: "Qəzetimiz bu gündən Bakıya köçdüyünə binaən hər bir sifarişat üçün bundan sonra bu ünvana müraciət etməli: Bakı, "Azərbaycan" qəzeti idarəsinə".

"Azərbaycan" qəzeti Gəncədə on gün fəaliyyət göstərdi. 1918-ci il sentyabrın 25-də qəzetin "Heyəti-idarə"si (Redaksiya heyəti) Nazirlər Şurası və mühüm dövlət idarələri ilə birlikdə Bakıya köçdü.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Heyəti-Vükəlanın (Nazirlər Şurası)  "Metropol" mehmanxanasında (indiki AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində) yerləşdi. "Azərbaycan" qəzetinin redaksiyası isə həmin binanın qarşısındakı - Kolyubakinski (indiki Nigar Rəfibəyli) küçəsindəki Adamovlara məxsus yaşayış binasına köçdü. Bu ünvanda fəaliyyətini 1918-ci ilin 3 oktyabrından 28 noyabrınadək davam etdirdi.

1918-ci il oktyabrın 3-də "Heyəti-təhririyyə" imzası ilə "Azərbaycan"ın ana dilində sayca 5-ci, Bakıda isə ilk nömrəsi 4 səhifə olmaqla nəşr edildi. Həmin nömrədə ilk dəfə "Azərbaycan" adının altında: "Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir", - yazıldı. 

Təbriklər davam edirdi. Bakının azad edildiyi gün Avropa dövlətlərinin iştirakı ilə İstanbulda keçirilən konfransda Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinə başçılıq edən Məhəmməd Əmin Rəsulzadənin Fətəli xan Xoyskiyə göndərdiyi təbrik teleqramı "Azərbaycan" qəzetinin 5-ci nömrəsində verildi. Teleqramda yazılmışdı: "Paytaxtımızın istirdadından dolayı təhti-idareyi-alilərində bulunan hökumətimizi səmimi təbrik ilə Bakının yeni türk ellərini istixlas (xilası) üçün sarsılmaz bir qəleyi-mətin olması ümidilə bütün arkadaşlarımla öpüşürüz.

Azərbaycan heyəti-mürəxxəsəsi namına Rəsulzadə Məhəmməd Əmin".

Ceyhun bəy Hacıbəylinin "C.Dağıstani" imzası ilə yazdığı "Tarixi gün" sərlövhəli məqaləsi də həmin nömrədə dərc olundu. Müəllif Bakının erməni-bolşevik işğalından azad olunmasından bəhs edirdi: "Bismihil-kərim, düşmənlər öz maraqlarına yetmədilər, məyus oldular. Türkün qəhrəman oğulları öz istedadlarını, öz rəşadətlərini, özlərinin yaşamaq üçün ölməyə hazır olmalarını bütün aləmin gözünə çırpdılar və bununla böylə, yüz illərcə başqalarının təhti-təzyiqində əzilən milyonlarca dindaş və millətdaşlarımıza böyük-böyük ümidlər bəxş etdilər".

Qəzet rusdilli oxucularını da intizarda qoymayaraq elan etdi: "Sabiqdə Gəncədə rus dilində nəşr olunan "Azərbaycan" qəzetəsi şənbə günündən etibarən Bakıda nəşr olunmağa başlayacaqdır. Ünvan: Bakı, Kolyubakinski küçədə "Azərbaycan" idarəsi". Oktyabrın 7-də Bakıda "Azərbaycan" qəzetinin rus dilində ilk nömrəsi nəşr edildi.

Məsləki Vətən istiqlalı yolunda çalışmaq idi

"Azərbaycan" qəzeti altıncı nömrəsinədək "Heyəti-təhririyyə" (redaksiya heyəti) imzası ilə işıq üzü gördü. Azərbaycan dilində olan nömrələri noyabrın 28-dən Ceyhun bəy Hacıbəylinin, rus dilində olan nömrələri isə Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə təqdim olundu.

Fəal yazarlarından biri, qardaşı Ceyhun Hacıbəyli Paris Sülh Konfransında iştirak etmək üçün ölkədən getdikdən sonra həm də qəzetin redaktoru vəzifəsini tutan Üzeyir Hacıbəyli "Azərbaycan"ın məsləkini belə açıqlayırdı: "Danışırlar ki, "Azərbaycan" qəzeti guya "Müsavat" partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan" qəzetinin məsləki Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir".

Bu məram, bu məslək qəzetin müxtəlif janrlı yazılarında əksini tapırdı. Yazılarda əsasən, azadlıq, istiqlal arzuları ifadə olunurdu. Poeziya nümunələrinin əksəriyyətində belə Vətən sevgili, gözəl deyə vəsf edilirdi. Cəfər Cabbarlı "Azərbaycan" qəzetinin 25 avqust 1919-cu ilin 260-cı nömrəsində C.Cabbarzadə imzası ilə yer verilən "Sevdiyim (Azərbaycanın bayrağına)" adlı şeirində duyğularını belə ifadə edirdi:

O yerlərdə qardaşları, dostları var, pək sevir,

Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.

Canalıcı bir görkəmlə dağ başında durunca,

Oxşadıqca bahar yeli açıq-dağnıq tellərin.

 

Nazlı əlin umuzunda saçlarına vurduqca,

Bir-bir oxşayırsan bütün Turan ellərin.

Altaylardan, Altun dağdan doğma sellər bəkləyor

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

Azərbaycanın vətənpərvər övladlarının sevinci bir idi. Müstəmləkə zülmündən qurtulmuş, istiqlalı bərqərar edilmiş məmləkətin övladları, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları idilər. Bu duyğunu Üzeyir bəy "Azərbaycan" qəzetinin 18 noyabr, 1918-ci il tarixli 43-cü sayında belə ifadə edirdi: "...yerimiz, yurdumuz, toprağımız özümüzün, hökumətimiz, camaətimiz, qoşunumuz özümüzün, dinimiz, ayin və adətimizə edilən şəmadətdən qurtulduq". 

Odur ki, azad ölkələrinin başının üzərində dolaşan təhlükələri görərək narahatlıq keçirsələr də, məhrumiyyətlər içərisində olsalar da, gələcəyə inamları böyük, ümidləri tükənməz idi. Bu hisslərlə yaşayır, çalışır, nöqsanları aradan qaldırmağa, çətinliklərin öhdəsindən gəlməyə səy göstərirdilər.

Ədalətsiz siyasətin sonu...

Müstəqil dövləti, doğma milləti üçün vacib, əhəmiyyətli olan bütün məsələlər bu mətbu orqanda dərc olunan müxtəlif janrlı yazıların başlıca mövzusu idi. Azərbaycanın ayrı-ayrı əyalətlərində mövcud vəziyyət də diqqətdən kənarda qalmırdı. "Azərbaycan"ın bölgələrdə xüsusi müxbirlərinin olması hadisələrin operativ şəkildə işıqlandırılmasına şərait yaradırdı. 

Qəzetin oxucuları, həmçinin dünyada baş verən mühüm hadisələr barədə də məlumat ala bilirdilər. Çağdaş ictimai-siyasi həyata dair yazılarla bərabər, Azərbaycanın və dünya dövlətlərinin tarixindən bəhs edən məqalələrə də qəzetin səhifələrində mütəmadi olaraq yer verilirdi.

"Hökumət qərarları", "Rəsmi xəbərlər", "Teleqraf xəbərləri", "Xarici xəbərlər", "Bakı xəbərləri", "Azərbaycanda", "Rusiyada", "Ermənistanda", "Gürcüstanda", "Türkiyədə", "Türkiyə mətbuatı", "Paris xəbərləri", "İran işləri", "Qəzetlərdən", "Sülh ətrafında", "İrəvan müsəlmanlarının halı", "Teatr və musiqi" və digər daimi rubrikalarının olması "Azərbaycan" qəzetinin mövzu əhatisinin genişliyindən xəbər verirdi. Qəzetin səhifələrində fəhlə və kəndli həyatına dair yazılara, oxucu məktublarına yer ayrılırdı. Ədəbiyyat, teatr, muzey işi, səhiyyə və digər sahələrdə aparılan və ya həyata keçirilməsi zəruri məsələlər əksini tapırdı. Parlamentin mühüm iclaslarından stenoqrafik hesabatları isə bu mətbu orqanda "Azərbaycan Məclisi-Məbusanında" rubrikası altında dərc olunurdu.

Mətbuatımızın "Əkinçi"sindən başlanan yolu "Azərbaycan" azad ölkənin mətbuat orqanı olaraq fəxrlə davam etdirirdi. Müstəqil dövlətimizin vətəndaşlarının hüquqlarını qoruyur, inkişafı naminə məsuliyyətlə çalışırdı. Azərbaycançılar nail olduqları istiqlalın dəyərini bilirdilər. Çünki Fərhad Ağazadənin "Azərbaycan" qəzeti, 28 may 1919-cu il tarixli 190-cı sayında "Türk şüərası və istiqlal" adlı məqaləsində yazdığı kimi, istiqlal minlərcə şəhidin qanı bahasına başa gəlmişdi.

Narahatlıqlarının səbəbləri isə həm çox, həm də müxtəlif idi. Azərbaycanın dövlət müstəqilliyinə qarşı təhdidlər, təzyiqlər bitməmişdi. Ancaq ən böyük nigaranlıqları şimaldan gələn və getdikcə yaxınlaşmaqda olan qasırğadan idi. Üzeyir bəy Hacıbəyli qəzetin hələ 26 may 1919-cu il tarixli nömrəsində yazırdı: "...bizim üçün şimaldan təhlükə mövcud olduğu məlum bir məsələdir. Bunu heç vaxt unutmayıb da var qüvvəmiz ilə çalışmalıyıq ki, bu şimal təhlükəsinin rəddinə qarşı həmişə və hər bir halda hazır olaq. Ona görə mümkün mərtəbə hazırlanmalı və heç bir fədakarlıqdan çəkinməməliyik".

Ancaq gələn qasırğa çox güclü və amansız oldu. Bolşeviklərin 1920-ci il aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətinə son qoydu. Müstəqil cümhuriyyət hökumətinin süqutu ilə "Azərbaycan" qəzetinin də nəşri dayandırıldı. Qəzetin sonuncu nömrəsi 1920-ci il aprelin 27-də çapdan çıxdı.

Sovet hökuməti Azərbaycanda 70 il hökmranlıq etdi. Hakimiyyəti ərzində Azərbaycan xalqına milli kimliyini, soy-kökünü unutdurmaq üçün bütün vasitələrdən istifadə etdi. Səy göstərdi ki, bu xalq azadlığı, dövlətinin daim müstəqilliyi naminə böyük mücadilələr göstərmiş tarixi şəxsiyyətlərini unutsun. Ancaq bütün ədalətsizliklər kimi bu siyasətin də sonu gəldi. 1990-cı illərdə Azərbaycan xalqı yenidən mübarizə apararaq müstəqilliyinə qovuşdu. "Azərbaycan" qəzeti də arxivlərin tozundan qurtularaq azadlığa çıxdı...

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

1Sources