Qusar rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri əhalinin sosial rifahına və infrastruktur təminatına mühüm töhfə verir.
Şəhər ərazisində yolların yenilənməsi, ictimai sahələrin abadlaşdırılması, sosial və mühəndis-kommunikasiya obyektlərinin bərpası istiqamətində ardıcıl işlər aparılır. Bu layihələr həm şəhər əhalisinin rahatlığını təmin edir, həm də kəndlərin inkişafına şərait yaradır. Rayon ərazisində görülən tədbirlərin davamı olaraq, Mucuq kəndində yerləşən, uzun illərdir kənd sakinlərinin gündəlik istifadəsində olan körpü əsaslı şəkildə təmir edilir. İntensiv yağıntılar nəticəsində daha da yararsız vəziyyətə düşmüş, üst hissəsi ağac, torpaq və çınqılla formalaşdırılmış konstruksiya təhlükəsizlik baxımından risk yaratdığından körpünün bərpası zəruri hesab olunub.
Qusar Rayon İcra Hakimiyyəti və yerli bələdiyyənin birgə təşəbbüsü ilə həyata keçirilən təmir işləri çərçivəsində körpünün dayaqları möhkəmləndirilib, üst örtüyü isə müasir və davamlı materiallarla yenilənib. Əvvəllər ağac, torpaq və daş qatından ibarət olan üst hissə möhkəm dəmir-beton plitələrlə əvəzlənərək nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təmin edəcək.
Qeyd edək ki, körpü tikintisi ilə eyni zamanda ətrafda abadlıq işləri də aparılır. Hazırda görülən işlər başa çatmaq üzrədir.
Akif ƏLİYEV,
"Azərbaycan"