Belçika Bolqarıstana istifadədən silinmiş dörd mina axtaran gəminin verilməsini 24 milyon avro (28 milyon ABŞ dollarından çox) dəyərində olan müqavilə çərçivəsində təsdiqləyib.
Bu barədə "Report" "AnewZ" telekanalına istinadla xəbər verir.
Gəmilər Bolqarıstan tərəfindən Qara dənizdə yerləşdirilməzdən əvvəl Belçika gəmiqayırma zavodunda modernizasiya ediləcək. Müdafiə naziri Teo Franken bildirib ki, bu müqavilə NATO-nun regiondakı mövcudluğunu gücləndirəcək və Belçika sənayesini dəstəkləyəcək.
"Bolqarıstan Qara dənizdə yerləşdirə biləcəyi gəmilər əldə edəcək, Belçika sənayesi isə iş yerləri və yüksək texnologiyalı müqavilələr sayəsində 24 milyon avro qazanacaq", – telekanal Frankenin sözlərindən sitat gətirib. "Beləliklə, biz yalnız NATO-nu deyil, öz iqtisadiyyatımızı da gücləndirmiş olacağıq".
O əlavə edib ki, gəmilərin verilməsi Belçikaya köhnə gəmilərin saxlanması və ya sökülməsi ilə bağlı xərclərdən yayınmağa imkan verəcək, çünki Hərbi Dəniz Qüvvələri yeni nəsil mina əleyhinə gəmilərə keçid edir.
Müqavilə çərçivəsində Bolqarıstan gəmilərin Belçikada modernizasiyası və texniki xidmət xərclərini öz üzərinə götürəcək, Belçika şirkətləri üçün uzunmüddətli müqavilələr və Bolqar donanmasına daimi texniki dəstək təmin edəcək.
Franken həmçinin qeyd edib ki, gələcəkdə bu proqram çərçivəsinə üç Niderland gəmisinin də əlavə olunması mümkündür.