EN

Təyyarədən sürətli qatar: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı - VİDEO

Niderland mühəndisləri yeni nəsil nəqliyyat vasitəsi – Hyperloop layihəsində mühüm nailiyyət əldə ediblər.

Azreform.info xəbər verir ki, Avropanın Venqam şəhərində yerləşən European Hyperloop Center-də sınaqlar zamanı kapsul 85 km/saat sürət yığaraq ilk dəfə yol dəyişmə manevrini uğurla həyata keçirib.

Hazırda Berlin–Münhen reysi adi sərnişin təyyarəsi ilə 1 saat 15 dəqiqə çəkir. Hyperloop texnologiyası isə bu məsafəni nəzəri olaraq 45 dəqiqəyə qət etməyə imkan verəcək.

Hardt Hyperloop startapının həmtəsisçisi Tim Houter sınaqları “texnologiyanın inkişafında böyük mərhələ” adlandırıb. Onun sözlərinə görə, ötən il aparılan testlərdə maksimum sürət 30 km/saat olmuşdu. Mühəndislər əmindirlər ki, boruların uzun seqmentlərində kapsul 700 km/saat sürətə çatacaq.

Hyperloop sisteminin prinsipi belədir: kapsullar demək olar ki, vakumlaşdırılmış borularla hərəkət edir, burada hava müqaviməti və sürtünmə minimuma enir. Onu elektrik mühərriki sürətləndirir. Bu nəqliyyat növü təkcə çox sürətli deyil, həm də səssiz, enerjiyə qənaətcil və ekoloji cəhətdən təmizdir.

Tim Houter bildirib: “Bizim məqsədimiz qısa məsafəli aviareysləri artıq etməkdir”. Onun fikrincə, Hyperloop-un ən böyük potensialı Avropadadır – yüzlərlə kilometr məsafələr, sıx məskunlaşmış bölgələr və iri hava limanları bu texnologiyanın tətbiqi üçün ideal şərait yaradır.

Bununla belə, layihənin həyata keçirilməsi həm texniki cəhətdən mürəkkəbdir, həm də böyük maliyyə vəsaiti tələb edir. Sıx məskunlaşmış ərazilərdə inşaat üçün icazə almaq da asan deyil. Buna baxmayaraq, artıq Almaniya və İtaliyada pilot marşrutların yaradılması planlaşdırılır.

Venqamda inşa olunan 420 metrlik sınaq borusunda keçirilən testlərin ən mühüm məqamı kapsulun uğurlu yol dəyişməsidir. Mütəxəssislər bu funksiyanı Avropa miqyasında tam şəbəkənin qurulması üçün açar imkan hesab edirlər.

Tim Houter vurğulayıb: “Biz göstərdik ki, Hyperloop artıq fantaziya deyil. Bu, reallıqda qurula biləcək texnologiyadır”.(Musavat.com)

Chosen
28
4
azreform.info

10Sources