EN

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Hər ilin sentyabrı əksər ölkələrdə oxşar aura yaradır. Məktəb zənglərinin səsi, uşaq gülüşlərinin hay-küyü, payızın sərin nəfəsi…

Türkiyədə isə sentyabr başqa bir adla da, Aybükə adı ilə də yad olunur.

1994-cü ilin sentyabrında dünyaya göz açan bu gənc qız, cəmi 23 bahar gördü. Musiqi ilə nəfəs alan, gənclərin yoluna işıq tutan bir müəllimin ömrü terrorun qara barmaqları altında yarımçıq qaldı.

İndi Türkiyədə sentyabr göy üzünə sanki Aybükənin adını yazır, hər əsən payız mehində onun səsi pıçıldayır. Məktəb zəngi ilə bərabər, Aybükənin xatirəsi də hər sentyabrda həm dərs, həm də şəhidlik zirvəsi kimi bir daha dirilir.

Aybükə haqqında araşdırmamızda onun adının tarixçəsi xüsusi ilə diqqətimizi çəkdi.

Qismətə bax, İlahi. 2017-ci ildə Türkiyədə terror qurbanı olan bu qızın adının Xocalı soyqırımı ilə səsləşəcəyi ağlımıza gəlməzdi.

Bu maraq Aybükə Yalçının atası Sadık Yalçınla həmsöhbət olmağımıza səbəb oldu.

"Heç düşünməzdim ki, 24 il sonra mənim qızım da bənzər taleyi yaşayacaq"

Uzun tərəddüdən sonra şəhid atası bizimlə həmsöhbət olmağa razılıq verdi. Hətta bildirdi ki, Türkiyənin fərqli media qurumlarından dəfələrlə müraciətlər olsa da, onlara cavab verməyiblər. Qızının yoxluğunu hələ də qəbul edə bilmirlər.

Sadıq Yalçın deyir ki, həyat yoldaşım Zəhra ilə 1993-cü ildə ailə həyatı qurublar.

“Zəhra hamilə olduğu dövrlər idi. Bərabər televizorda Xocalı soyqırımını əks etdirən bir film izləyirdik. Film çox dəhşətli idi. Azərbaycanın Xocalı bölgəsində yaşayan azərbaycanlı bir ailənin qızı çöldə oynayarkən, helikopterdən atılan oyuncağı görür. Uşağın sevinclə götürdüyü oyuncağın birində bomba yerləşdirilibmiş. O, oyuncağı əlinə alan kimi partlayış baş verir. Anası "Aybükə" deyə qışqırıb çölə qaçır, amma təəssüf ki, hər şey gec idi, balaca Aybükə ermənilərin oyuncağa yerləşdirdiyi bombanın partlaması nəticəsində şəhid olmuşdu”.

Şəhid atası deyir ki, gənclik illərini böyük Turan idealının bir gün gerçəkləşəcəyinə inanaraq yaşayıb.

Övladlarımı "ana" deməyi öyrənməzdən əvvəl “Çırpınırdı Qaradəniz” musiqisini dinlədərək böyütmüşəm.

Bu ideyalar içində qızımıza həmin şəhid balamızın xatirəsinə "Aybükə" adını verdik.

Bilirsiniz, biz tərəflərdə uşağa verilən ada xüsusi önəm verirlər. Yeni doğulan uşağa başqasının adını verəndə həmin adamın cəmiyyətdə necə yer tutduğu, tanındığına diqqət edilir, taleyinə nəzər salınır, inanca görə o adı daşıyacaq körpə də həmin yolu gedir.

Amma nədənsə o zaman həyat yoldaşımla qızımıza şəhid adı verəndə onun da nə zamansa şəhid olacağını düşünmədik”, - deyə Aybükənin atası ürək ağrısı ilə danışır.

Aybükə Yalçın 23 yaşında şəhid olmasına baxmayaraq qısa ömründə Xocalıda şəhid olan uşaqlarla eyni yaşda məktəblilərin təhsili üçün əlindən gələni edib. Atası onun həyat yolu ilə bağlı bəzi məqamları bizimlə bölüşdü.

“Aybükə 3 sentyabr 1994-cü ildə Ankarada dünyaya gəldi. Uşaqlıq illəri Etimesqut bölgəsinin Alsancak məhəlləsində keçdi. İlk təhsilinə Etimesqut ibtidai məktəbində başladı və orta təhsilini də burada tamamladı. Musiqiyə dəhşətli marağı var idi. Hələ Etimesqutda oxuduğu illərdə bu sahədə özünü xeyli inkişaf etdirmişdi.

Musiqi müəllimi Mustafa Çakmak onun bu sahəyə marağını və eyni zamanda istedadını görərək bizlə danışıldı, qızımızı Etimesqut Milli Təhsil Mərkəzində musiqi kurslarına yönləndirdi.

Burada Aybükə təcrübəli müəllim Naver Hoca ilə tanış olaraq musiqi təhsilinə başladı. Paralel olaraq Yaman Musiqi Evində gitara, saz və fleyta dərsləri aldı. Bir il yarım davam edən musiqi təhsili müddətində şan, nota və səs hazırlığı üzrə də dərslərə getdi.

Lisey təhsilini uğurla başa vurduqdan sonra universitet imtahanına girdi. Nəticələr açıqlandıqdan sonra etdiyi seçimlər əsasında Uludağ Universitetinin Maliyyə fakültəsinə qəbul olundu.

2012–2013-cü tədris ilində, yay semestrində Necmettin Erbakan Universiteti Ahmet Keleşoğlu Musiqi Təhsil Fakültəsinin keçirdiyi qabiliyyət imtahanında iştirak edərək uğur qazandı. Dörd illik təhsil dövründə müxtəlif musiqi fəaliyyətlərində iştirak etdi. Çanaqqala Universitetinin müəllimi Mete hocanın yaratdığı “Yüz Səs Musiqi Xoru”na daxil olaraq konsertlərdə və tədbirlərdə çıxış etdi, musiqi biliklərini artırdı.

Universitetin xalq oyunları qrupunun və “Köprü Aşıkları” Dərnəyinin üzvü oldu.

Chosen
17
4
publika.az

8Sources