Fitnes mütəxəssisi Svetlana Prokofyeva bildirib ki, trapezius(traps) əzələsini uzatmaq oturaq işlə məşğul olan insanlarda boyun gərginliyini azaltmağa kömək edir.
E-saglam.az xəbər verir ki, o, "Gazeta.Ru"ya boyun və çiyinlərdəki ağrıları yüngülləşdirən üç effektiv məşq təqdim edib.
Birinci məşq trapezius əzələsinin uzanmasıdır. Bunun üçün düz oturmaq, başı sağ əllə tutaraq yavaşca sağ çiyinə çəkmək, sol çiyini isə aşağı salmaq tövsiyə olunur. Bu mövqedə 20-30 saniyə qalmaq, sonra digər tərəfdən təkrarlamaq lazımdır.
İkinci məşq müqavimət texnikasına əsaslanır. Ovucu alnına qoyaraq başı irəli əyməyə çalışmaq, sonra isə eyni üsulla arxaya və yanlara tətbiq etmək gərginliyi azaldır.
Üçüncü məşq boynun arxasını uzadır. Baş yavaşca yanlara çevrilir, çənə isə çiyinə yaxınlaşdırılır. Hər tərəfdə 20-30 saniyə saxlamaq kifayətdir.
Prokofyevanın sözlərinə görə, bu hərəkətləri hər iki saatdan bir etmək boyun və çiyinlərdə narahatlığın qarşısını alır.
Tərcümə: Könül Oruc
E-saglam.az