EN

"QHT-lərin təsis etdiyi qeyri-rəsmi medallar hüquqi və ictimai problemlər yaradır" – Südabə Şirəliyeva

Qadın və Müasir Dünya Mərkəzinin direktoru Südabə Şirəliyeva QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatlarının (QHT) rəsmi icazə olmadan “orden” və “medallar” təsis edib paylaması həm hüquqi, həm də ictimai baxımdan ciddi problem yaradır.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən yalnız dövlətin səlahiyyətli orqanları rəsmi orden və medal təsis edə bilər. QHT-lərin bu sahədə təşəbbüsləri hüquqi əsasa malik deyil və ictimaiyyəti çaşdırır. Südabə Şirəliyeva əlavə edib ki, bəzi mükafatlandırma mərasimləri sponsorların iştirakı ilə geniş reklam olunur və hallarda mükafat üçün ödəniş tələb edilir. Bu isə ictimai etimadın pozulmasına, veteran və yaşlı insanların istismarına gətirib çıxara bilər:

"Belə hallara göz yumularsa, gələcəkdə dövlət simvollarının dəyəri aşağı düşəcək və rəsmi mükafatlarla saxta “medallar” arasında fərq itəcək. Bu isə həm ictimai sabitlik, həm də dövlətin nüfuzu üçün təhlükə yaradır. Məsələnin həlli üçün bir neçə tövsiyə irəli sürülə bilər:

  • Maarifləndirmə kampaniyaları gücləndirilməlidir;

  • Aidiyyəti dövlət qurumları qanunsuz təşəbbüslərə nəzarət etməli və tədbirlər görməlidir;

  • QHT-lərin fəaliyyətinə dair etik qaydalar hazırlanmalı və şəffaflıq təmin edilməlidir;

  • Media və jurnalistlər belə halları işıqlandırmalı və ictimaiyyətə düzgün informasiya çatdırmalıdır.

QHT-lərin cəmiyyət üçün faydalı fəaliyyəti şübhə altına düşməməlidir, lakin “saxta medal biznesi” həm dövlətin nüfuzunu, həm də vətəndaşların inamını zədələyir. Problemin həlli üçün hüquqi tənzimləmə, ictimai nəzarət və maarifləndirmə zəruridir".

 

Pərvanə Fərhadqızı

Chosen
33
qht.az

1Sources