HƏMAS hərəkatı islam ölkələrini İsrailə qarşı beynəlxalq alyans yaratmağa çağırıb.
Hərəkat Dohada keçiriləcək Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının sammitində bu istiqamətdə qərarın qəbul olunacağına ümid etdiyini bəyan edib.
HƏMAS-ın "Telegram" kanalında yayımlanan açıq məktubda qeyd olunub ki, Qəzza zolağında atəşkəsin təmin olunması üçün təxirəsalınmaz addımların atılması vacibdir.
“Ümid edirik ki, İsrailə və onun müttəfiqlərinə təzyiq göstərə biləcək beynəlxalq alyans formalaşdırılacaq”, – sənəddə vurğulanıb.
HƏMAS rəhbərliyi həmçinin ərəb liderlərini Ərəb Liqasının Birgə Müdafiə Müqaviləsinin müddəalarını yerinə yetirməyə və İsrailə qarşı hərtərəfli sanksiyalar tətbiq etməyə çağırıb.
"İsrailin Dohaya hücumu sübut edir ki, yəhudi dövlətinin hakimiyyəti atəşkəs və məhbusların qarşılıqlı azad edilməsinə can atmır, əksinə Qətərin vasitəçilik missiyasına mane olmaq istəyir” - deyə məktubda qeyd olunur.
Qeyd edək ki, sentyabrın 15-də Dohada Ərəb Liqası və İƏT-in fövqəladə sammiti keçiriləcək. Onun çağırılmasına səbəb İsrailin sentyabrın 9-da Fələstin hərəkatının Dohadakı iqamətgahlarından birinə hücumu olub.