EN

87 il sonra eyni qorxu: Avropa yenidən işğal təhlükəsi ilə üz üzədir?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas hazırkı siyasi prosesləri 1938-ci ildə Çexoslovakiyanın işğalı ilə müqayisə edib. O bildirib ki, Ukraynanın məğlubiyyəti bütün Avropanın təhlükəsizliyini risk altına sala bilər. Mütəxəssislərin fikrincə, Aİ rəsmisinin açıqlaması Avropanın Rusiyaya qarşı daha sərt və prinsipial mövqe tutmasının zəruriliyini göstərir.

Avropanın Rusiya qarşısında vahid mövqe formalaşdırmaq imkanları nə dərəcədə realdır?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Aİ-nin diplomatiya rəhbəri Kaya Kallasın “1938-ci il” analoqu əslində təsadüfi ritorika deyil, Avropanın Ukrayna məsələsində qarşılaşdığı təhlükənin tarixi paralellərlə izahıdır:

“O, açıq şəkildə göstərmək istəyir ki, ərazi güzəştlərinə gedilməsinin nəticəsi sülh yox, daha böyük işğal və aqressiyanın legitimləşdirilməsi ola bilər. Bu mənada Kallasın mövqeyi Avropanın “təhlükəsizlik ritorikasını” konkret strateji mesajla möhkəmləndirmək cəhdidir. Aİ Ukraynaya dəstəyini artıq yalnız siyasi bəyanatlarla məhdudlaşdırmır. Son illərdə qəbul edilən maliyyə paketləri, “European Peace Facility” vasitəsilə hərbi dəstək, sursat istehsalının artırılması və Rusiya aktivlərindən əldə edilən gəlirlərin hərbi yardıma yönəldilməsi göstərir ki, proses real təhlükəsizlik mexanizmlərinə söykənir. Bununla belə, bir sıra problemlər qalır: sənaye gücünün hələ tam səfərbər olunmaması, bəzi ölkələrin enerji və iqtisadi maraqları səbəbindən tərəddüdlü davranması strategiyanın icrasını ləngidir”.

Politoloq qeyd edib ki, “güzəşt tələsi” anlayışı Moskvanın taktikasını açıq şəkildə ifadə edir:

“Kremllə ərazi güzəştləri əsasında danışıqlar aparmaq, əslində, Ukraynanın suverenliyini sarsıtmaq və Rusiyanın daha geniş iddialarını asanlaşdırmaq riskini daşıyır. Buna görə də Kallasın mesajı Aİ daxilində kompromis axtarışlarını önləməyə və vahid mövqenin sərtləşdirilməsinə yönəlib. Avropanın vahid mövqe formalaşdırmaq imkanlarına gəlincə, real vəziyyət ikili xarakter daşıyır. Bir tərəfdən, Macarıstan və Slovakiya kimi ölkələrin zaman-zaman skeptik mövqeləri prosesin sürətini azaldır, konsensus mexanizmini çətinləşdirir. Digər tərəfdən isə həm maliyyə dəstəyi paketlərinin qəbul edilməsi, həm də sanksiyaların mütəmadi uzadılması göstərir ki, minimum ortaq mövqedə birləşmək mümkündür. Rusiya təhlükəsi Aİ üçün ortaq təhlükəsizlik təhdidinə çevrildikcə parçalanma riski artsa da, vahid addımlar atmaq zərurəti daha güclü təsir göstərir. Ümumi nəticə budur ki, Aİ-nin Ukraynaya dəstəyi sadəcə ritorika deyil, lakin tam formalaşmış və maneəsiz işləyən strategiya da deyil. Bu, həm siyasi iradə, həm də hərbi-sənaye resurslarının sinxronlaşdırılması tələb edən “inkişaf edən strategiya”dır. Kallasın 1938 analoqu isə Avropanı güzəştli sülh illüziyasından çəkindirərək real təhlükəsizlik xəttinə yönəltmək məqsədi daşıyır”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
globalinfo.az

1Sources