EN

Vaşinqton görüşü Azərbaycan ABŞ münasibətlərində dönüş nöqtəsi hesab edilə bilər

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pərvanə SULTANOVA[email protected]

Azərbaycan-ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə 8 avqust Vaşinqton görüşü Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Həmin tarixdən ötən müddət ərzində həm imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində addımlar atılmağa başlayıb, eyni zamanda, qarşılıqlı səfərlər həyata keçirilir. Bu, bir daha onu göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Tramp administrasiyası Azərbaycanla münasibətlərə xüsusi önəm verir, ölkəmizin həm regionda, həm beynəlxalq miqyasda əhəmiyyətini düzgün qiymətləndirir.

Yada salaq ki, Vaşinqton görüşündə bir sıra ikitərəfli mühüm sənədlərə imza atıldı. Onlardan biri də "Strateji Tərəfdaşlıq Xartiyası"nın hazırlanması barədə Anlaşma Memorandumudur ki, bu, iki ölkənin əməkdaşlığını enerji, ticarət, müdafiə, süni intellekt və rəqəmsal infrastruktur kimi prioritet sahələrdə daha da inkişaf etdirəcək.

Başqa bir vacib məqam ABŞ Prezidentinin görüş zamanı "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqini dayandırması idi. Bu düzəliş 1992-ci ildə işğala məruz qalmış Azərbaycana qarşı qəbul edilən ədalətsiz, qərəzli bir qərar idi. O zaman onsuz da çətin vəziyyətdə olan ölkəmiz yardımlardan məhrum edildi. "907-ci düzəliş"in icrası 2001-ci ildən dayandırılsa da, Bayden administrasiyası onu yenidən tətbiq etməyə başladı.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə "Əl-Ərəbiyyə" kanalına müsahibəsində bunun səbəblərindən danışarkən deyib: "Onların Əfqanıstanda bizə ehtiyacları var idi. Onlara səmamız, dənizimiz lazım idi. Onlara dəmir yolu lazım idi. Biz Amerika logistikasına və daşımalara çox mühüm dəstək verdik. Beləliklə, Bayden Əfqanıstandan qaçan kimi bizə yenidən sanksiya tətbiq etdilər. Axı, necə belə nankor olmaq olar?! Beləliklə, onların haqqında nə düşünə bilərdik? Biz onlarla bütün əlaqələri kəsdik. Bayden administrasiyası ilə əlaqələr sıfra enmişdi. Bu, bir fəlakət idi. Tramp isə tamamilə fərqlidir. Əminəm ki, o, nəinki Amerikanı yenidən qüdrətli edəcək bir insandır, o, Amerikanın rifah, azadlıq və inkişafın rəmzi olduğu bütün dövrlərdəki kimi, ölkəni yenidən insanların heyran olduğu yerə çevirəcək. Altı ay ərzində bu qədər məkana sülh gətirməyi bacarırsa, əminəm ki, bunu edəcək".

ABŞ lideri "907-ci düzəliş"in tətbiqini dayandırıb, amma onun tamamilə ləğvi üçün Konqresin qərarı lazımdır.

Qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Brayan Mastla görüşüb. Tərəflər Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitin strateji əhəmiyyətini və onun Azərbaycan-ABŞ münasibətləri, həmçinin regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev "Azadlığı müdafiə aktına 907-ci düzəliş"in ləğv edilməsinin vacibliyini qeyd edib və Azərbaycana səfər üçün dəvət ünvanlayıb.

ABŞ və Azərbaycan münasibətləri dərinləşdirmək, əməkdaşlıq sahələrini genişləndirmək niyyətindədir. İki ölkənin əməkdaşlıq ruhu, perspektiv üçün planları, baxışı əlbəttə ki, keçmişin pis mirası olan "907-ci düzəliş" kimi maneələri də tam aradan qaldırmağı tələb edir. Belə olan halda, bunun arxivə qovuşacağına ümid etmək olar.

Bu günlərdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş nümayəndəsi Brendan Hanrahan Azərbaycana səfər edib, rəsmi şəxslərlə danışıqlar aparıb, Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub. O, Bakıda ABŞ və Azərbaycan arasında ilk dəfə təsis ediləcək Strateji Tərəfdaşlığın əsasını təşkil edəcək strateji işçi qrupunun nizamnaməsinin ilkin layihəsini təqdim edib. Təşəbbüsün məqsədi regional əlaqəlilik, iqtisadi investisiyalar və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.

Rəsmi nümayəndə, həmçinin Prezident Trampın "907-ci düzəliş"in ləğvi ilə bağlı qərarı fonunda təhlükəsizlik sahəsində gələcək ikitərəfli əməkdaşlıqdan danışıb: "Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında sərhədlərin delimitasiyası, minalardan təmizləmə və TRIPP təşəbbüsünü dəstəkləmək məqsədilə infrastrukturun inkişafı ilə bağlı son məzmunlu danışıqlar barədə xəbərləri alqışlayırıq. ABŞ-nin rəhbərlik etdiyi birgə səylər bu proseslərlə yanaşı, özəl investisiyaları cəlb edəcək və Ermənistan, Azərbaycan və bütövlükdə region üçün yeni rifah dövrünü başladacaq".

Göründüyü kimi, ABŞ Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün sürətli bir xətt götürüb və bu siyasət də tələb edir ki, 907-ci düzəliş kimi keçmişin qalıqları tamamilə aradan qaldırılsın.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli mövzu ilə bağlı "525"ə deyib ki, 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ liderləri arasında olduca vacib görüş keçirildi. Bu görüş çərçivəsində də çox mühüm, əhəmiyyətli razılaşmalar əldə olundu: "Bunları nəzərə alsaq, Vaşinqton görüşü iki ölkənin münasibətlərində bir dönüş nöqtəsi hesab edilə bilər. Görünən odur ki, Tramp administrasiyası sələfinin Azərbaycanla münasibətlərdə qoyub getdiyi o neqativ mirası aradan qaldırmaq, ölkəmizlə münasibətləri normallaşdırmaq niyyətindədir. Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası Cənubi Qafqazda gedən proseslərə daha rasional, daha praqmatik yanaşma nümayiş etdirir və bütün bunlar bizə ümid verir ki, hesab edək ki, qarşıdakı perspektivdə də iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək".

Ekspert söyləyib ki, 8 avqust görüşündən sonra atılan addımlar, xüsusilə iki ölkənin liderləri tərəfindən verilən açıqlamalar ondan xəbər verir ki, hər iki ölkə münasibətləri inkişaf etdirmək üçün sistemli bir strategiya həyata keçirəcək: "Vaşinqton görüşündən qısa bir vaxt keçib, ancaq biz bu qısa vaxt ərzində çox vacib açıqlamaların, müəyyən addımların şahidi olduq. Bu addımlar və verilən açıqlamalar o qənaətə gəlməyə imkan verir ki, iki ölkə Vaşinqton görüşündən başlayaraq qeyd etdiyimiz kimi, münasibətləri daha da dərinləşdirmək, normallaşdırmaq istiqamətində siyasət həyata keçirəcəklər, əməkdaşlıq edəcəklər".

M.Məmmədli əlavə edib ki, Vaşinqton görüşündə verilən vacib qərarlardan biri ABŞ Prezidentinin məlum ədalətsiz "907-ci düzəliş"in icrasını dayandırması oldu: "Nəzərə almaq lazımdır ki, bu düzəlişin tamamilə aradan qaldırılması Prezidentin səlahiyyətində deyil. Yəni bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilib. Konqres tərəfindən də həmin düzəliş aradan qaldırılmalıdır. Onun tamamilə ləğvi Konqresin səlahiyyətindədir. Lakin Azərbaycan-ABŞ münasibətlərinin indiki səviyyəsinə baxsaq, düşünürəm ki, hər halda vaxtilə ölkəmizə qarşı qəbul edilən tamamilə ədalətsiz və qərəzli "907-ci düzəliş"in ləğvi üçün kifayət qədər siyasi zəmin formalaşıb. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri zamanı Konqresində olduqca  mühüm  görüşlər keçirib. Hər halda düşünürəm ki, bu görüşlərin də əsas məqsədlərindən biri ilk növbədə "907-ci düzəliş"in ləğvidir. Bunu tamamilə mümkün hesab edirəm. Əlbəttə ki, Konqresin hər hansı bir qanun qəbul etməsi sadə məsələ deyil. Bunun özünün də çətinlikləri var. Konqresdə Azərbaycan əleyhinə qüvvələrin də olduğunu nəzərə alsaq, bu, sıradan bir məsələ deyil. Eyni zamanda, Konqresin fəaliyyəti ilə tanış olanlar da yaxşı bilirlər ki, həmin prosedur, yəni bir qanunun qəbulu, yaxud da onun ləğvi uzun zaman çəkə, müəyyən problemlər yarana bilər. Amma bütün bunlarla bərabər, qeyd etdiyim kimi, hər halda iki ölkə arasında münasibətlərin vəziyyəti və tərəflərin mövqeyi, konseptual yanaşması Konqresin "907-ci düzəliş"i tamamilə aradan qaldıracağı ehtimalını, ümidini artırır. Düşünürəm ki, "907-ci düzəliş" aradan qaldırılarsa, bu, iki ölkə arasında münasibətlərə ciddi şəkildə müsbət təsir göstərəcək".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
525.az

1Sources