EN

Yeni salınacaq Qaraxanbəyli kəndinə mediatur təşkil edilib

Füzuli rayonuna “Prezidentin izi ilə” ənənəvi mediatur təşkil olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, media nümayəndələri ilk növbədə rayonun Qaraxanbəyli kəndi ərazisində olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə yeni salınacaq kəndlə bağlı ətraflı məlumat verib. Bildirib ki, ölkə rəhbəri tərəfindən təməli qoyulan kənd Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək:
“Layihə iki mərhələdə icra olunacaq. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101 ədəd dörd, 20 ədəd beşotaqlı olmaqla 404 fərdi ev inşa ediləcək. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır”, - deyə əlavə edib.

L.Sarabi həmçinin qeyd edib ki, 2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur. İki, üç, dörd və beşotaqlı olmaqla 771 fərdi ev və iki-üçmərtəbəli yaşayış binaları inşa ediləcək. İkinci mərhələ çərçivəsində də məktəbin və 2 uşaq bağçasının inşası planlaşdırılır. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.

Chosen
37
23
apa.az

10Sources