EN

Sevinən və ağlayan birincilər - Bilik günü

BAKI, 15 sentyabr. TELEQRAF

Bu gün ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Bilik günü qeyd olunur.

Teleqraf-ın əməkdaşları paytaxtın 151 nömrəli tam orta məktəbində keçirilən tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Salihə Məmmədova bildirib ki, təhsil ocağı bu il əsaslı təmirdən sonra fəaliyyətə başlayıb: “Məktəbdə 598 nəfər şagird oxuyacaq. Bu il birinci sinfə 43 uşaq qəbul olub. Azərbaycan bölməsi üzrə 21, rus bölməsi üzrə 22 şagird təhsil alacaq. Həmçinin 9-cu sinifdə 53 şagird, 11-ci sinifdə isə 44 şagird təhsilə davam edəcək.

Yeni məktəbdə müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları şagirdlərin daha keyfiyyətli təhsil almasına xidmət edəcək”.

Direktor ötən tədris ilində məktəbin 44 məzunundan 32-nin ali məktəbə qəbul olduğunu da vurğulayıb.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli tədris ilinin başlaması münasibətilə şagird və valideynləri təbrik edib. O, 151 nömrəli məktəbin məzunlarının qazandığı uğurlardan söz açıb, bu il birinci sinfə qədəm qoyanlara uğurlar arzulayıb.

Birincilərdən olan Azadə məktəbi çox sevdiyini, bacılarının bu məktəbdə yaxşı oxuduğunu deyib. O, özünün də bacıları kimi dərslərdə uğur qazanacağına inandığını və gələcəkdə balerina olmaq istədiyini bildirib.

Birincilər arasında sevinc və həyəcanla yanaşı, göz yaşları da müşahidə olunub. Rüfət ağlamasını anasından ayrılmasıyla izah edib.

Birincilərdən olan Müjgan isə deyir ki, çantasında ən çox karandaşlarını sevir, rəsm çəkməyi çox xoşlayır və gələcəkdə rəssam olmaq arzusundadır.

Sonda ilk zəngin sədası altında birincilərin məktəb həyatı başlayıb.

Qeyd edək ki, bu il ölkə üzrə təxminən 2,2 milyon təhsilalan yeni dərs ilinə qədəm qoyub. Onlardan 1,6 milyonu ümumi təhsil məktəblərində oxuyacaq. Bu il 130 mindən çox birinci sinif, 160 min IX sinif, 117 min XI sinif şagirdi məktəb partasına əyləşəcək. Məktəbəhazırlıq qruplarına isə 90 min uşaq, məktəbəqədər təhsilə isə ümumilikdə 226 min uşaq cəlb olunub.

2025-2026-cı tədris ilində II–XI siniflərdə ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub. Məqsəd şagirdlərdə Konstitusiyaya, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissini gücləndirmək, milli-mənəvi dəyərlərə sadiqliyi möhkəmləndirməkdir.

Bilik günündən fotoları təqdim edirik:

Chosen
16
teleqraf.com

1Sources