EN

“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” FOTO+ÖZƏL

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur. Həm ali məktəblərdə, həm orta ixtisas məktəblərində, həm də orta məktəblərdə ilk zəng çalınacaq. Yenə də məktəblər şagirdlərlə aşıb-daşacaq. Mən ilk dərs günü münasibəti ilə pedaqoji kadrları, müəllimləri, şagirdləri, tələbələri təbrik edirəm. Bu il “Konstitutsiya və Suverenlik” ilidir. Buna görə də Elm və Təhsil Nazirliyinin əmri ilə sentyabr ayının 15-də məktəblərdə ilk dərsimiz də elə bu mövzu ilə bağlı olacaq. Məncə bu çox lazımlıdır. Şagirdlər ölkəmizin konstitutsiya və suverenliyini dərk etməli, başa düşməlidirlər. Məktəblərdə bu mövzuda şagirdlərə mühazirələr deyiləcək. Bu əslində yerində və doğru verilmiş bir əmrdir. Biz də ona hazırlaşırıq”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan dili və Ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov deyib. O daha sonra Elm və Təhsil Naziri Emin Əmrullayevin bir neçə gün öncə mətbuat nümayəndələri üçün keçirdiyi brifinqindən danışıb:

“O ki, qaldı brifində Elm və Təhsil Nazirliyinin toxunduğu bəzi məsələlərə...  Mən düşünürəm ki, bəzi mövzular haqlı yöndən müzakirə olundu. Məsələn, nazirimiz vurğuladı ki, şagirdlərə nəzəri biliklərdən çox, praktiki biliklər lazımdır. Bu sonradan əmək bazarında onların fəaliyyətinə təkan verən amillərdən biri kimi qiymətləndiriləcək. Nazir bildirdi ki, bəzi müəllimlər də tədris üsulunu tələb olunan şəkildə yox, öz bildikləri formada keçirlər. Bunu da düşünürəm ki, haqlı olaraq deyir. Bu da nəticədə gələcəkdə şagirdin müstəqil həyata hazırlanmasında problem yaradacaq. Bu nazirimizin haqlı iradıdır. Çünki şagird müstəqil həyata qədəm qoyanda məktəbdə öyrədilən nəzəri məsələlər heç də onun köməyinə gəlmir. Düşünürəm ki, şagirdlər cümləni oxuyub anlamalı və onu həyata keçirməli, dərk etməlidir. Bəzən görürsən ki, məktəblərdə müəllimlər daha çox nəzəri biliklərə üstünlük verir ki, bu da müasir təhsilimizin çağırışlarına cavab vermir. Bəzi məsələlər də var ki, mən bunları qiymətləndirə bilmirəm. Məsələn, müəllim kadrların aşağı saatlarla işləməsi və nəticədə onların əmək haqqının az olması məsələsi kimi... Maraqlısı budur ki, bəzən görürsən müəllimlərin işə qəbulu zamanı 6 saatla boş yerlər elan olunur. 6 saata gedən müəllim düşünməlidir ki, onun əmək haqqı aşağı olacaq. Əgər doğurdan da 6 saatı vakansiya kimi çıxarıb ora müəllim qəbul edirlərsə, ola bilsin ki, bu il 6 saatdır, gələn il 4 saat olacaq. Düşünürəm ki, 6 saatı vakansiya çıxarmaqdansa heç bunu çıxarmasınlar. Məktəblərdə aşağı saatlar müəllimlərə görə bölünsün. Bu da sonrakı dövrlərdə müəllimlərin əmək haqlarının narazılığı ilə nəticələnəcək. Bu kimi hallar olmamalıdır. Əslində problemin kökü də nazirliyin verdiyi boş vakansiyalara görədir. Çünki hörmətli nazirimiz bildirdi ki, 4 saat sinfə girənə də müəllim deyirlər, 20 saat dərs deyənə də. Nazirimizin dediklərindən belə başa düşdüm ki, aşağı saatları keçən müəllimlər sonradan narazılıq edir. Amma əslində günah o müəllimlərdədir ki, bu saata girməməlidirlər. Yenə də görürük ki, aşağı saatları vakansiya kimi çıxarırlar, müəllimlər də imtahan verir, qazanırlar və sonradan öz əmək haqlarından narazılıq edirlər. Mənə görə problemin kökündə nazirliyimizin özü durur. Çünki aşağı saatlar əmək bazarına çıxarılmasa daha yaxşı olar. Elm və Təhsil Nazirimiz yaxşı nümunələr də sadaladı. Bunlardan biri də Azərbaycanda ən yaxşı tələbə adını qazananların xaricdə top universitetlərə qəbul olunması ilə bağlı idi. Bu çox normaldır. Nazir daha sonra bəzi dərsliklərimizin dilinin ağırlığını, məktəb şagirdlərinin səviyyəsinə uyğun olmadığını qeyd etdi. Bu haqlı narazılıqdır. Bu problemlər də aradan qaldırılacaq. Düşünürəm ki, həmin brifinqdə nazirimiz çox obyektiv və vacib məsələlərə toxundu. Onu sonrakı dövrlərdə ədalətlə həll edəcəyini də bildirdi” deyə Muradxan Hüseynov bildirib.

Muradxan Hüseynov şagirdlərin mobil telefondan istifadəsinin məhdudlaşdırılması ilə bağlı bunları bildirib:

“Müəllim də hər şeydən öncə bir insandır. Gündəlik həyatımızda, söhbətlərimizdə, dialoqlarımızda xırda qüsurlar ola bilər. Bəzən bu xırda qüsur o şəkildə qabardılır ki, insan heç bilmir ki, bu qüsuru necə qiymətləndirsin? Şagirdlərin hərəsinin əlində bir telefon olması ümumi işin təşkilinə bir növ təsir edir. Xırda səhvlər cəmiyyətdə əks ajetioaj yarada bilir. Şagirdlərin telefondan istifadəsinin qadağan edilməsini təqdirəlayiq bir hal kimi qiymətləndirirəm” deyə Muradxan Hüseynov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
moderator.az

2Sources