EN

Fitch Solutions: Azərbaycanın xarici siyasəti Qarabağ qələbəsindən sonra daha da güclənib

"Azərbaycanın xarici siyasəti Qarabağ münaqişəsində qələbədən sonra daha da güclənib".

APA xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions" şirkətinin ölkə ilə bağlı proqnozunda bildirilib.

Qeyd edilib ki, Ermənistan üzərində əldə edilən qələbədən sonra Azərbaycanın xarici siyasəti regionda təsir imkanlarını artırıb. Rəsmi Bakı Cənubi Qafqazda, xüsusən də ticarət yollarına nəzarətdə daha fəal mövqe tutmağa çalışır.

FS analitikləri hesab edirlər ki, Azərbaycanın xarici siyasəti çoxvektorlu olaraq qalacaq, bu isə strateji müstəqilliyin praqmatik tərəfdaşlıqlarla balanslaşdırılması deməkdir: "Türkiyə ilə münasibətlər etnik və mədəni bağlar, eləcə də hərbi əməkdaşlıq sayəsində daha da dərinləşib. Eyni zamanda, Azərbaycan Avropaya enerji təchizatçısı kimi ön plana çıxaraq Cənub Qaz Dəhlizi vasitəsilə geosiyasi çəkisini artırıb. Bu enerji diplomatiyası xüsusilə də Avropanın Rusiyadan qaz asılılığını azaltmaq istədiyi bir vaxtda Aİ ilə əlaqələrin güclənməsinə imkan verib".

Bundan əlavə vurğulanıb ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər mürəkkəb və tranzaksiyalı olaraq qalacaq. Son aylarda təyyarənin təsadüfən vurulması və rusiyada saxlanılan azərbaycanlıların ölümü fonunda gərginlik artsa da, tam qırılma ehtimalı azdır. Moskvanın Bakının cavab addımlarına – diplomatik etirazlar və rusiyalı şirkətlərlə bağlı məhdudiyyətlərə – yumşaq reaksiya göstərməsi tərəflərin münasibətlərini yenidən tənzimləməyə çalışdığını göstərir.

"Azərbaycan Şərq və Qərb arasında strateji mövqeyindən istifadə etməklə Rusiyanın təsirindən manevr imkanlarını qoruyacaq, lakin maraqlar üst-üstə düşdükdə Moskva ilə əməkdaşlığı davam etdirəcək. Bu balanslaşdırma siyasəti Bakının postmünaqişə dövründə mövqelərini möhkəmləndirmək və regionda dəyişən düzəndə təsirini artırmaq üçün əsas xarici siyasət xətti olacaq"- FS-nin proqnozunda əlavə edilib.

Chosen
43
4
apa.az

5Sources