Afrikalı qadın futbolçu Mişe Minnis son günlər qeyri-adi bənzərliyi ilə sosial mediada müzakirə mövzusuna çevrilib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, o, məşhur braziliyalı futbol ulduzu Ronaldinyoya olan inanılmaz oxşarlığı ilə diqqət çəkib.
Fotoları yayıldıqdan sonra futbolsevərlər onun Ronaldinyonun qızı və ya qohumu olub-olmaması barədə müzakirələr açıb. Xüsusən də onun gülümsəyərkən sima cizgiləri, saç düzümü və oyun tərzi braziliyalı əfsanəni xatırladır.
Maraqlıdır ki, Ronaldinyo 2000-ci ildə Cənubi Afrikada keçirilən yoldaşlıq oyununda iştirak etmişdi. Bir il sonra, 2001-ci ildə isə Minnis dünyaya gəlib. Bu təsadüf də sosial şəbəkələrdə müzakirələri daha da "alovlandırıb".
Hazırda gənc futbolçu öz oyunu ilə diqqət çəkməyə çalışsa da, çoxları onu məhz Ronaldinyoya olan oxşarlığı ilə tanıyır. Minnisin özü isə bənzətmələrdən qürur duyduğunu, lakin ən böyük arzusunun məşhur ulduz kimi uğurlu karyera qurmaq olduğunu bildirib.