EN

Perinatal Mərkəzin təqsirləndirilən sabiq direktoru istintaq müddətində ölkəni tərk edib

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri dinlənilib.

Əvvəllər mərkəzdə çalışan Yeganə Əhmədova ifadəsində hadisə vaxtı növbədə olduğunu bildirib:

"Reanimasiya otağını təmizlədim, mətbəxə keçdim. Validə xanım qışqıraraq otaqda yanğının baş verdiyini dedi. Otağa gəldik. Küvəzdən alov qalxdığını gördük. Sonra yanğını söndürməyə çalışdıq. Yanğının söndürülməsi ilə bağlı bizə təlim keçirilib".

Mərkəzdə elektrik vəzifəsində çalışmış Asif Dadaşov isə bildirib ki, onun işi elektrik yuvalarının, lampaların işlək vəziyyətinə nəzarət və onların dəyişdirilməsi olub:

"Şöbələrdə nəyisə dəyişmək lazım olurdusa, mənə deyirdilər, mən də gedib həll edirdim. Dördüncü mərtəbədəki avadanlıqlarda nəyisə dəyişmək lazım olduqda Məryəm xanım, beşinci mərtəbədən isə Hamlet doktor göstəriş verib".

Şahid sonra vurğulayıb ki, mərkəzdə qısaqapanma halları əvvəllər də baş verib.

Cinayət işi üzrə hüquqi varis kimi tanınan Emil Abasəliyevin ifadəsi isə bütün məhkəmə heyətini təəccübləndirib. O, təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və digərlərinin ölkə xaricinə çıxması ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsini istəyib.

Prosesdə məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri olduğu halda iki dəfə ölkə xaricində olub. O, bununla bağlı nə polisə, nə də məhkəməyə məlumat verib.

Təqsirləndirilən Mehriban Abasquliyeva, həqiqətən, iki dəfə xaricdə olduğunu etiraf edib. Ölkəni tərk etmək üçün aidiyyəti qurumlara məlumat verməli olduğundan xəbərdar olmadığını məhkəməyə bildirib.

Növbəti proses sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Chosen
27
33
far.az

10Sources