EN

“Basmati” düyüsü Avropa ilə Hindistan arasındakı sazişi təhlükə altına qoyub

Avropa İttifaqı (Aİ) ilə Hindistan arasında azad ticarət sazişi “basmati” düyüsünün adından istifadə hüququ ilə bağlı mübahisə səbəbindən pozula bilər. Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Hindistan “basmati” nişanından yalnız öz ərazisində yetişdirilən düyü üçün eksklüziv istifadə hüququnda israr edir. Bu sort digər düyülərə nisbətən tonuna görə 200–300 dollar baha satılır. 2023-cü ildə Pakistan müraciət təqdim edərək bildirib ki, “basmati” həm də İslamabadın nəzarətində olan mübahisəli Kaşmir bölgəsində yetişdirilir. Pakistanın müraciətinin tanınması, əslində, bu ərazilərdə Pakistanın suverenliyinin tanınması demək olardı ki, bu da Hindistanın ciddi narazılığına gətirib çıxarıb.

FT yazır ki, Avrokomissiya hər iki müraciətə paralel baxır və vəziyyətin “həssas xarakterini” anlayır. Avropa rəsmilərinin sözlərinə görə, Brüssel “vaxtı uzadır”.

Aİ ilə Hindistan arasında azad ticarət sazişi üzrə danışıqlar 2007-ci ildən aparılır, lakin 2013-cü ildə onlar əqli mülkiyyət, rüsumlar və İT sahəsində məlumat təhlükəsizliyi ilə bağlı fikir ayrılığı səbəbindən dayandırılmışdı. Danışıqlar 2022-ci ildə bərpa olunub. Sazişin 2025-ci ilin sonuna qədər imzalana biləcəyi gözlənilir.

Chosen
45
banker.az

1Sources