EN

Politoloq: "Davamlı sülhün təmin olunması üçün yalnız saziş kifayət deyil"

"Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurla davam etməsi üçün əsas şərt sülh sazişinin imzalanmasıdır. Bunun üçün iki maneə mövcud idi: ATƏT-in Minsk qrupunun fəaliyyəti və Ermənistan Konstitusiyasının preambulasında Azərbaycanın ərazilərinə, xüsusən də Qarabağa iddianın yer alması".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O, bildirib ki, birinci maneə aradan qaldırılıb, ikinci isə hələ də qalmaqdadır:

"Ermənistan rəhbərliyinin mövqeyinə əsasən, xüsusi komissiya yaradılıb və 2026-cı il parlament seçkilərindən sonra bu məsələ ilə bağlı referendumun keçirilməsi gözlənilir.
Bununla yanaşı, davamlı sülhün təmin olunması üçün yalnız saziş kifayət deyil. Digər vacib məsələlər də mövcuddur. Delimitasiya və demarkasiya prosesləri önəmlidir, lakin əsas şərt sayılmır. Çünki bir çox ölkələrdə sərhədlərin tam müəyyənləşdirilməsinə baxmayaraq, əməkdaşlıq və sülh münasibətləri davam edir".

Politoloq bildirib ki, əsas diqqət iqtisadi əməkdaşlıq və tranzit yollarının açılmasına yönəlməlidir:

"Fransızca “doux commerce” – “şirin ticarət” nəzəriyyəsinə görə, ticarət dövlətlərarası münasibətləri möhkəmləndirir və sülhün bərqərar olmasına xidmət edir. Almaniya və Fransa nümunəsi də bunu təsdiq edir: illərlə müharibə aparmış bu dövlətlər 1945-dən sonra iqtisadi əməkdaşlıqla siyasi müttəfiqlərə çevriliblər".

Onun sözlərinə görə, eyni yanaşma Ermənistanla da tətbiq oluna bilər:

"Xüsusən də Zəngəzur dəhlizinin açılması region üçün strateji əhəmiyyət daşıyır. Bu dəhliz Azərbaycanla Türkiyə və Avropanı birləşdirəcək, Avropanı isə Qafqaz, Mərkəzi Asiya və Çinlə əlaqələndirəcək. Beləliklə, sülh sazişinin imzalanması ilə yanaşı, iqtisadi inteqrasiya və yeni kommunikasiya xətləri bütövlükdə regionun inkişafına güclü təkan verəcək".

Əfsanə Kamal
Demokrat.az
Chosen
10
1
demokrat.az

2Sources