Ölkənin bütün məktəblərində sentyabrın 15-də ilk zəng çalındı. Həmin məktəblərdən biri də Bakının Lökbatan qəsəbəsində yerləşən Neftçi Qurban adına 288 saylı tam orta məktəbdir.
Birinci sinifə gələn uşaqların davranışından razılıqla danışan müəllimə Sevinc Həsənova "Report"a açıqlamasında bildirib ki, birincilər ilk dərs günündə fəallıqları ilə seçiliblər:
"Bu gün çox sevindim. Şagirdlərim məktəbə həvəslə gəldilər, heç biri ağlamadı. Əksinə, hamısı iştirakçı və maraqlı idilər. Bildiyiniz kimi Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə artıq məktəbəqədər hazırlıq qrupları olur. Uşaqlar onların dili ilə desək "0-cı sinifdən" 1-ci sinifə qədəm qoyurlar. Buna görə uşaqlar artıq məktəbə adaptasiya olub".
Çəkiliş zamanı balaca məktəblilərin üzlərində həm sevinc, həm də həyəcan hiss olunurdu. Uşaqlardan bəziləri məktəbə gəlməkdən məmnun olduqlarını, yeni dostlar qazanmaq və oxumağı öyrənmək istədiklərini söylədilər. Onların parlaq baxışları gələcəyə ümid verirdi.
Sevinc və həyəcanın qarışdığı bu gün uşaqların həyatında yeni bir yolun başlanğıcıdır. Xüsusilə birinci sinif şagirdləri üçün 15 sentyabr - Bilik Günü həyatlarının ən unudulmaz səhifələrindən biri kimi yadda qalacaq.
Onların səmimi cavabları isə həm gülüş doğurdu, həm də məktəbin uşaqlar üçün necə müxtəlif hisslər oyatdığını göstərdi.