BAKI, 15 sentyabr. TELEQRAF
Özbəkistanda sosial şəbəkələr və ya internetdə 16 yaşına çatmamış şəxslərə qarşı nalayiq hərəkətlərə görə məsuliyyət sərtləşdirilir.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Bildirilib ki, uşaq təsviri olan pornoqrafik məhsulların saxlanılmasına görə də məsuliyyət müəyyən edilir:
“Uşaqların müxtəlif zorakılıq formalarından qorunması istiqamətində görülən işlərə baxmayaraq, bununla bağlı nalayiq hərəkətlər azalmır. Məlumata görə, 2025-ci ilin ilk 8 ayında yetkinlik yaşına çatmayanlara qarşı nalayiq zorakılıq cinayətlərinin sayı 36% artıb.
“Uşaqların zorakılıqdan müdafiəsi sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Özbəkistanın bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi parlamentin Qanunvericilik Palatasında siyasi partiyalar fraksiyalarının iclasında müzakirə olunub.
Deputatlar qanun layihəsinin qəbulunun uşaqların cinsi azadlıqdan və uşaq alverinə qarşı cinayətlərdən qorunmasına təminatları gücləndirəcəyini vurğulayıblar. Bu kimi cinayətləri törədənlərin əməllərinə uyğun cəzalandırılmasına xidmət edəcəyi də qeyd edilib.
Bu qanun layihəsində yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə bir sıra əlavə və dəyişikliklər nəzərdə tutulur.
Fraksiya müzakirələrində səslənən təkliflərdən sonra müvafiq qərarlar qəbul edilib.