EN

AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır

AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan və dələduzluqda ittiham edilən iş adamı İlqar Hacıyev Bakı şəhəri, Badamdar ərazisində yerləşən dəbdəbəli villasına müştəri tapıb.

Demokrat.az-ın məlumatına görə, Hacıyevin bir neçə ildir 1,2 milyon manata satışa çıxardığı villanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev almağa hazırlaşır.

Tərəflər arasında aparılan danışıqlardan sonra satış qiymətinin 1 milyon manata razılaşdırıldığı bildirilir. Razılaşmaya əsasən, 300 min manat metronun “Gənclik” stansiyası yaxınlığında yeni tikilmiş yaşayış binasında yerləşən mənzillə əvəz olunacaq, 700 min manat isə nəğd ödəniləcək.

Artıq Anar Rzayevin nümayəndələri tərəfindən villaya baxış keçirildiyi qeyd olunur. Məsələ ilə bağlı Demokrat.az-ın AYNA-ya ünvanladığı sorğuya hələ cavab verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xatırladaq ki, İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb. İttihama görə, o, müxtəlif investisiya layihələri adı altında iş adamını aldatmaqla 10 milyon ABŞ dolları (17 milyon manat) vəsaiti mənimsəyib.

İstintaqdan yayındığı üçün 25 dekabr 2020-ci ildə Hacıyev barəsində axtarış elan edilib və 13 yanvar 2021-ci ildə məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. İş adamı hazırda ölkə hüdudlarından kənarda gizlənir.

Baş Prokurorluq onu 15 iyul 2025-ci ildə İstintaq İdarəsinə dəvət edib. Bildirilib ki, o, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat və hökm çıxarıla bilər.

Chosen
17
afn.az

1Sources