Redaktor.az saytına istinadən ain.az xəbər verir.
"Məktəb həyatı uşaqlar üçün yeni bir mərhələnin başlanğıcıdır. Uşaq bağçadan məktəbə keçid edərkən gündəlik həyatında, sosial münasibətlərində və öyrənmə mühitində böyük dəyişikliklər yaşayır. Bu dəyişikliklərə uyğunlaşmaq, adaptasiya prosesi valideynlərin və müəllimlərin düzgün yanaşması ilə daha asan və sağlam şəkildə həyata keçirilə bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva birinci sinfə gedən şagirdlərdə adaptasiya prosesindən danışarkən bildirdi.
"Valideynlər üçün uşağı məktəbə psixoloji cəhətdən hazırlamaq vacibdir. Onlara məktəbin yalnız dərs və qaydalardan ibarət olmadığını, həm də yeni dostlar, maraqlı fəaliyyətlər və kəşflərlə dolu bir mühit olduğunu anlatmaq lazımdır. Valideynlər məktəbi qorxulu bir yer kimi təqdim etməməli, əksinə öyrənməyin əyləncəli tərəflərini vurğulamalıdır. “Artıq sən böyümüsən” kimi müsbət mesajlar uşağın özünə inamını artırır. Həmçinin düzgün gündəlik rejim qurmaq, yuxu, qidalanma və istirahət vaxtlarını məktəb rejiminə uyğunlaşdırmaq uşağın həm fiziki, həm də emosional rahatlığı üçün önəmlidir. Uşağa geyinmək, çantasını toplamaq və kiçik məsuliyyətləri yerinə yetirmək vərdişi qazandırmaq müstəqilliyi təşviq edir və məktəb həyatına uyğunlaşmanı asanlaşdırır. Uşaq məktəblə bağlı qorxu və ya həyəcan yaşadıqda isə onu diqqətlə dinləmək və hisslərini qəbul etmək adaptasiya prosesini dəstəkləyir".
Psixoloq qeyd etdi ki, müəllimlər ilk günlərdə mehriban və anlayışlı olmalıdır.
"Müəllimin səmimi yanaşması uşaqların məktəbə münasibətini müsbət istiqamətdə formalaşdırır. Dərsləri yalnız akademik biliklərlə məhdudlaşdırmamaq, oyun, mahnı və qrup fəaliyyətləri ilə zənginləşdirmək uşaqların məktəbi sevməsinə kömək edir. Sinifdə dostluq mühiti yaratmaq, əməkdaşlıq, paylaşma və qarşılıqlı hörməti təşviq etmək adaptasiyanı asanlaşdırır. Müəllimlər valideynlərlə sıx ünsiyyət saxlamalı, uşağın adaptasiya prosesində yaranan çətinlikləri birlikdə həll etməlidirlər. Hər bir uşağın fərqli xarakteri və öyrənmə tərzi olduğu üçün müəllimin fərdi yanaşması adaptasiya prosesini sürətləndirir. Uşaqların 1-ci sinfə adaptasiyası həm valideynlərin, həm də müəllimlərin birgə dəstəyi ilə daha asan keçir. Əsas məqsəd uşağın özünü təhlükəsiz, sevilən və dəyərli hiss etməsini təmin etməkdir. Bu halda məktəb həyatına müsbət münasibət formalaşacaq və öyrənmə prosesi daha səmərəli olacaq", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.