EN

İsrailin hərəkətləri İslam dünyasını oyatdı - 50-dən çox ölkə hərbi-siyasi blok üçün toplanır...


Bu sammitdən dərhal “İslam NATO-su” tipli qurum gözləmək real deyil

Yaxın Şərqdə İsrailə qarşı yeni hərbi ittifaq yaradılması ideyası İraq baş naziri Məhəmməd Şia Sudaniyə məxsusdur. Sudani İsrailin Qətərin paytaxtı Dohaya hücumunu tənqid edir və İslam ölkələri arasında siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığı artıraraq ortaq müdafiə imkanlarının yaradılmasını təklif edir.

İsrailə qarşı ərəb-İslam hərbi siyasi İttifaqının nə kimi perspektivləri var?

Əslində bu tip çağırışlar yalnız əsl hərbi ittifaq qurmaqla bağlı deyil, həm də simvolik önəm daşıyır. Belə bir ittifaq ideyası müsəlman ölkələri arasında münasibətləri göstərmək və İsrailin hərəkətlərinə qarşı vahid mövqe formalaşdırmaq üçün istifadə oluna bilər. Bunun kifayət qədər praktik çətinlikləri mövcuddur. Bir “İslam İttifaqı”nın qurulması ideyası siyasi, coğrafi, ideoloji fərqliliklər, resursların bölüşdürülməsi və dövlətlərin öz təhlükəsizlik strategiyalarının birləşdirilməsi məsələsində çətinliklərlə üzləşə bilər. Məsələn, bu ölkələrin hərbi güclərinin səviyyəsi, müttəfiqlik tarixləri və regional münaqişələr kimi amillər bu ideyanı çətinləşdirə bilər.

Eyni zamanda, ABŞ, Rusiya, İran və digər regional güclərin bu ideyaya qarşı və ya onun yanında olacaqları, yəni onların mövqeləri vacibdir. Onların maraqları nəzarə alınarsa, ittifaqın fəaliyyəti və mövcudluğu daha real ola bilər. Əks halda, bu ideyanın yalnız bəyanat olaraq qalması mümkündür.

Həqiqətən hansı ölkələr iştirak edəcək - artıq Misir, Qətər və İraqın adı çəkilir. Artıq işinə başlayan, 50-dən çox ölkənin iştirak etdiyi ərəb-İslam sammiti bu istiqamətdə bir qədər aydınlaşma edəcək. Əgər belə bir ittifaq yaradılarsa, strukturu necə olacaq - ortaq ordu, birgə nəzarət mexanizmi, səlahiyyətlər, maliyyə dayanağı kimi suallar var.

Bəzi müsəlman ölkələrinin ya İsraillə əlaqələrə malik olması, ya da ABŞ və Avropa ilə möhkəm tərəfdaşlıqda olması bu cür ittifaqdan çəkinməyə səbəb ola bilər.

Belə bir ittifaqın yaranması regionda gərginliyi artıra bilər. İsrail və ərəb ölkələri arasında ikitərəfli münasibətlər daha da gərginləşə və hücumlar qarşılıqlı olaraq cavab ala bilər.

Belə bir ittifaqın fəaliyyəti bölgədə sabitliyi sarsıda, sərhəd münaqişələri, hərbi müdaxilələr və qarşıdurmaları daha da çoxalda bilər.

Bu, müsəlman ölkələrinə mesaj verə bilər ki, onlar İsrailin davranışlarını diplomatik və ya hərbi səviyyədə məsuliyyətə cəlb etməyə hazırdırlar.

Bəzi ölkələr bu çağırışı qəbul etməyə ehtiyatla yanaşa bilər, bəziləri isə ona qoşular. Beynəlxalq müzakirələrdə bu məsələnin yenidən gündəmə gəlməsi ehtimal olunur.

Təşəbbüsə Azərbaycanın mövqeyi necə olmalıdır?

Xaqani Cəfərli: "Azərbaycan müsəlman ölkəsi olsa da, Yaxın Şərq dövləti deyil - postsovet məkanına aid ölkədir"

Politoloq Xaqani Cəfərli baki-xeber.com nəşrinə məsələ ilə bağlı şərhində bildirdi ki, Azərbaycan müsəlman ölkəsi olsa da, Yaxın Şərq dövləti deyil - Azərbaycan postsovet məkanına aid ölkədir: "Buna görə Yaxın Şərqdə İsrailə qarşı yeni hərbi ittifaq yaradılmasının Azərbaycana heç bir aidiyyəti olmamadır. Azərbaycan dini kimlik üzərindən formalaşdırılan hərbi-siyasi ittifaqlarda yer ala bilməz.

Dini kimliyə əsaslanan hərbi-siyasi ittifaqın yaradılması ən çox müsəlmanların özlərinə zərər verər. Bu bütün dünyanın müsəlmanlara qarşı birləşməsinə səbəb ola bilər. Belə avantürst ideyaların gerçəkləşmə ehtimalının aşağı olmasına baxmayaraq, Azərbaycan həmişə belə avantüralara qarşı çıxış etməlidir.

Ərəb çoğrafiyasının probleminin də bizə aidiyyəti olmamalıdır. Azərbaycan siyasətini ərəb-İsrail münasibətləri üzərindən qura bilməz. Ərəblər tarixdə bir neçə dəfə İsrailə qarşı birgə çıxış ediblər və hamısı da ərəblərin məğlubiyyəti ilə başa çatıb. Ərəb ölkələri növbəti avantüraya əl atsalar nəticə fərqli olmayacaq.

Azərbaycan siyasətini bugünə kimi etnik və ya dini kimlik üzərindən deyil, maraqlar üzərindən müəyyən edib. Bundan sonra da belə olmalıdır. Azərbaycanın maraqları İslam ölkələri ilə hərbi-siyasi ittifaqın bağlanmasını rədd etdiyi kimi, İsrail və ABŞ regional ittifaqının yaradılmasını diqtə etməkdədir. “Xəzər asayişi” Alyansı adlandırdığım üçlü ittifaq yalnız Azərbaycanın deyil, Mərkəzi Asiyadakı türk və müsəlman ölkələrinin, xüsusilə Türkmənistan və Qazaxıstanın həyati əhəmiyyətli maraqlarına cavab verir. Qənaətimcə, Azərbaycanın xarici siyasətinin hədəfi “Xəzər asayişi” Alyansının yaradılması olmalıdır".

Qətərdə başlayan ərəb-İslam zirvəsi davam edir

“İslam İttifaqı” təşəbbüsü 50-dən çox müsəlman dövlətinin iştirak etdiyi ərəb-İslam sammitinin gündəliyinə salınıb. Nə gözləyirsiniz?

Qətərdə keçirilən ərəb-İslam zirvəsində “İslam İttifaqı” təşəbbüsünün gündəliyə daxil edilməsi simvolik baxımdan mühüm hadisədir. Amma bunun real nəticələri barədə gözləntilər bir qədər fərqlidir.

İslam ölkələrinin İsrailin siyasətinə qarşı vahid mövqe nümayiş etdirməsi müzakirə oluna bilər. Lakin reallıqda ərəb və İslam ölkələrinin xarici siyasət prioritetləri fərqli olduğundan, yekdil mövqe çətin görünür.

Əgər “ittifaq” ideyası konkret mexanizmlərlə dəstəklənsə (birgə qərarların icrası, koordinasiyalı sanksiyalar və s.), bu, İsrailin bölgədəki diplomatik manevr imkanlarını daralda bilər.

Enerji resursları, ticarət və investisiya istiqamətində islam ölkələrinin koordinasiyalı hərəkəti Qərbə də ciddi mesaj ola bilər. Xüsusən Fələstin məsələsində iqtisadi təzyiq alətlərinin gündəmə gəlməsi mümkündür.

“İslam İttifaqı” anlayışı NATO tipli hərbi blok kimi hələlik real deyil. Amma ortaq müdafiə konsepsiyası və ya təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi təklif oluna bilər. Pakistan, Türkiyə, İran və ərəb ölkələrinin münasibətləri burada həlledici olacaq.

Yekunda daha çox siyasi bəyanatlar, İsrailə qarşı qınama və beynəlxalq təşkilatlara çağırışlar verilə bilər.

“İttifaq” təşəbbüsü isə ilkin mərhələdə sadəcə konseptual müzakirə kimi qalacaq, praktik mexanizmlərin formalaşması zaman və siyasi iradə tələb edir.

Yəni qısası, bu sammitdən dərhal “İslam NATO-su” tipli qurum gözləmək real deyil. Amma islam dünyasında birlik ideyasının yenidən aktuallaşması və ölkələrin koordinasiya axtarışlarını gücləndirməsi mümkündür.

Akif NƏSİRLİ

Chosen
105
baki-xeber.com

1Sources