BAKI, 16 sentyabr. TELEQRAF
Gələn il üçün dövlət büdcəsinin əsas xərc istiqamətləri açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin ilkin büdcə göstəricilərinə dair açıqlamasında deyilir.
Ümumilikdə, 2026-2029-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək. Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri aşağıdakılardır:
- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası;
- iqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;
- əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi;
- əməkhaqqı sisteminin təkmilləşdirilməsi;
- müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;
- dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı.