EN

Hava kəskin dəyişdi, region silkələndi: bizi nə gözləyir? Yaxın vaxtlarda...

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda ani və güclü yağışlardan sonra zəlzələlərin ola biləcəyi ilə bağlı xalq arasında inanclar mövcuddur. İnsanlar təbiət hadisələrinin ardıcıllığını bəzən bir-biri ilə əlaqələndirirlər. Bu isə cəmiyyətdə müəyyən narahatlıq yaradır. Digər tərəfdən, ötən həftə Türkiyə, İran kimi region ölkələrində baş verən yeraltı təkanlar sözügedən fikirləri gücləndirib.

Elm buna nə deyir? Hazırkı ani hava dəyişkənliyi fonunda Azərbaycanı nə gözləyir?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, qeyd edilən inancların müasir elm nöqteyi-nəzərindən heç bir təsdiqi yoxdur:

“Bu hadisələrin bir-biri ilə birbaşa bağlılığından söhbət gedə bilməz. Zəlzələlərin əsas səbəbi Yer qabığındakı tektonik qırılmalar və geoloji proseslərdir. Yağış və ya hava dəyişkənliyi isə qısamüddətli atmosfer hadisələridir. Bunların tektonik hərəkətlərlə elmi baxımdan səbəb-nəticə əlaqəsi yoxdur. Doğrudur, bəzi hallarda uzunmüddətli və intensiv yağıntılar torpaq sürüşmələrini sürətləndirə, qrunt sularının artmasına görə mikroqırılmalara təsir göstərə bilər. Amma bu, böyük və dağıdıcı zəlzələlərin yaranmasına səbəb olmur”.

Cəmşid Bəxtiyar

Ekoloq qeyd edib ki, Türkiyə və İran kimi qonşu ölkələrdə baş verən zəlzələlər Azərbaycanın seysmik zonada yerləşməsi faktını bir daha yada salır:

“Ərazimiz seysmik cəhətdən aktivdir, buna görə də burada zəlzələ ehtimalı hər zaman mövcuddur. Amma konkret hava hadisələri və ya qonşu ölkələrdəki təbii fəlakətlərin yaxın vaxtlarda ölkəmizdə zəlzələ olacağından xəbər verməsi elmi baxımdan təsdiqlənməyib. Bu cür inanclara deyil, seysmoloqların rəsmi məlumatlarına və risklərin azaldılması tədbirlərinə əsaslanmaq lazımdır”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
globalinfo.az

1Sources