EN

Peşə təhsilindən narazılıq babalı nazirliklərin boynuna

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Deputat: “Qarabağda hansı sahə üzrə mütəxəssisə ehtiyac var, bunlar təhlil edilməlidir”

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin də nəticələri açıqlanıb. Birinci və ikinci mərhələdə ümumilikdə 44 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib. 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə platforma vasitəsilə 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib. “Bakı-Xəbər” qeyd edir ki, son günlər peşə məktəblərinə qəbulla bağlı sosial şəbəkələrdə bir sıra etirazlar öz əksini tapır. Belə ki, həmin qeyd edilən fikirlərdə əsasən qəbul prosesinin doğru aparılmadığı öz əksini tapıb. 

Təhsil eksperti Kamran Əsədov deyib ki, peşə məktəblərinə qəbul prosesi ətrafında son günlər səslənən narazılıqlar daha çox ictimai informasiyanın yetərsizliyi və peşə təhsilinin hələ də yeni imic qazanmaqda olması ilə bağlıdır. Onun sözlərinə görə, bəzi regionlarda ixtisas balansının düzgün qurulmaması və seçimin məhdud olması gənclərdə narazılıq doğurur ki, bu da qəbulun şəffaflığına dair yanlış təsəvvür formalaşdırır.

Almaniya və Avstriyada peşə təhsili üzrə qəbul yerləri birbaşa işəgötürənlərin sifarişinə uyğun planlaşdırılır və tələbələrin böyük əksəriyyəti təhsil müddətində işlə təmin olunur. Azərbaycanda isə hələlik bu mexanizm tam oturuşmayıb. 

Maraqlıdır, doğrudanmı qəbul prosesi düzgün həyata keçirilmir? Necə edək ki, peşə təhsilinin reputasiyası yaxşılaşsın? İşəgötürən tərəf - nazirliklər, qurumlar peşə təhsilinin imicinin yaxşılaşması üçü hansı addımları atmalıdırlar? Yəni Avropa kimi bizdə də nazirliklər qabaqcadan tələbata uyğun sifariş verə bilərlərmi?

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ümumiyyətlə, bu sahədə araşdırmanın aparılmasına ciddi ehtiyac var. Bütün sahələrdə olduğu kimi, bu sahədə də ciddi araşdırma aparılmalıdır - hansı sahədə daha çox mütəxəssisə, peşə sahibinə ehtiyac var, bunlar müəyyənləşdirilməlidir. Biz bunun üzərində ciddi şəkildə işləməliyik. Məsələn, biz Qarabağda bu qədər işlər görürük, orada hansı sahə üzrə mütəxəssisə ehtiyac var, nə kimi çatışmazlıqlar mövcuddur - bütün bunlar təhlil edilməlidir. Tələbatımıza uyğun olaraq proses həyata keçirilməlidir. Burada ən vacib məsələlərdən biri maarifləndirmə və təbliğatdır. Təəssüf ki, bu gün kifayət qədər təbliğatın aparıldığını görmürük. Əslində reallıqda peşə sahiblərinə daha çox ehtiyac var, nəinki ali təhsil üzrə mütəxəssislərə. Ona görə də maarifləndirmə, təbliğat və bu məsələnin gənclərə yaratdığı imkanlar önəmlidir. Bu dövrdə hansı maarifləndirici prosesi və ya məlumatlandırıcı kampaniyanı gördük? Hansı məktəbdə belə bir təbliğat aparıldı? Təəssüf ki, biz bunu bu gün görmürük. Bu, bir məlumatlandırma və təbliğat prosesi kimi aparılmalıdır ki, gənclərimiz daha çox bu sahəyə meyl göstərsinlər. Bu sahədə davamlı işlər aparılmalıdır ki, nəticəyə çata bilək”.

Peşə təhsili sahəsində uğurlu təcrübəyə malik ölkələrin təcrübəsi göstərir ki, bu təhsil pilləsi, sadəcə, ali təhsil alternativi deyil, həm də əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı baxımından strateji əhəmiyyət daşıyır. Peşə təhsili inkişaf etmiş ölkələrdə iqtisadiyyatın mühüm dayaqlarından biri hesab olunur və onun keyfiyyətli təşkili dövlət siyasətinin əsas istiqamətlərindəndir. Almaniya bu sahədə nümunəvi modelə sahib ölkədir. Burada tətbiq olunan “dual təhsil sistemi” nəzəri və praktik bilikləri birləşdirir. Şagirdlər həftənin müəyyən günlərində məktəbdə dərsə gedir, digər günlərdə isə müəssisələrdə praktik təcrübə qazanırlar. Onlar təhsil müddətində əməkhaqqı da alırlar. Dövlət və özəl sektor bu sahədə sıx əməkdaşlıq edir. Bu sistem peşə sahiblərinin bilavasitə istehsalatla inteqrasiyasını təmin edir və məzunların işlə təminat səviyyəsini artırır.

Finlandiya peşə təhsilində fərdiləşdirilmiş və çevik yanaşma tətbiq edir. Burada hər bir tələbənin bacarığına və maraqlarına uyğun tədris planı hazırlanır. Təhsil müddətində tələbənin inkişafı daim izlənir və ona uyğun tədris metodu seçilir. Praktik bacarıqlarla nəzəri biliklərin balansı, müəllim hazırlığının yüksək səviyyədə olması və peşə təhsili müəssisələrinin müasir infrastrukturu Finlandiyanın uğurunun əsas amillərindəndir. Sinqapurda isə peşə təhsili iqtisadi strategiyanın ayrılmaz hissəsidir. “SkillsFuture” proqramı vasitəsilə hər yaşda vətəndaşlara yeni bacarıqlar öyrənmək üçün şərait yaradılır. Dövlət və işəgötürənlər birgə əməkdaşlıqla peşəkar kadr hazırlığını təşkil edir, tədris müəssisələri isə ən müasir texnologiyalarla təchiz olunur. Bu model peşə təhsilinin, sadəcə, gənclərə deyil, həm də karyerasını dəyişmək və ya təkmilləşdirmək istəyən böyüklərə də açıq olduğunu göstərir.

İsveçrədə də peşə təhsili dual sistemə əsaslanır. Gənclərin böyük əksəriyyəti peşə təhsilinə yönəlir. İşəgötürənlər bu sistemin birbaşa iştirakçısıdır və tədris prosesinə aktiv şəkildə qoşulurlar. İsveçrədə peşə təhsili diplomları əmək bazarında yüksək dəyərə malikdir. 

Bu ölkələrin təcrübəsi göstərir ki, peşə təhsilində uğur əldə etmək üçün bir neçə əsas prinsip təmin olunmalıdır: dövlət və özəl sektor arasında sıx əməkdaşlıq, əmək bazarının real ehtiyaclarına uyğun ixtisas seçimi, iş yerində təlim imkanlarının yaradılması, peşə təhsilinin müsbət imicinin formalaşdırılması və tədris infrastrukturunun gücləndirilməsi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
5
moderator.az

6Sources