EN

130 min uşaq məktəb qapısında - gülüşlərlə, göz yaşları ilə

Sentyabrın 15-i... Yayın son həftəsinin ilk sərin səhəri, amma məktəblərin həyətində bahar nəfəsi var idi. Bu gün ölkənin hər bir guşəsində eyni mənzərədir: əlində güllər tutmuş uşaqlar, həm sevinc, həm də həyəcan oxunan baxışlar, bir az da utancaq gülüşlər. Valideynlərdən kiminin gözlərində qürur, kimininsə yanağında gizlətməyə çalışdığı yaş.

Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, bu il 2.2 milyon təhsilalan yeni dərs ilinə qədəm qoydu. Onların içində ən çox həyəcanı isə 130 mindən çox birinci sinif şagirdi yaşadı.

Məktəbin həyətinə girəndə sanki kiçik bir bayram meydanına düşürsən. Rəngbərəng şarlar, əlvan çiçəklər, musiqinin fonunda uşaq qəhqəhələri. Amma bütün bu gurultunun içində kənarda gözlərini qıyıb anasının ətəyinə sığınan balacalar da var.

7 yaşlı Aysel göz yaşlarını gizlədə bilmir. Anası isə saçlarını oxşayaraq pıçıldayır: “Qorxma, qızım, bu qapıdan keçən hər kəs böyüyür...”

 Bir az aralıda isə eyni yaşda başqa bir uşaq müəllimin əlindən yapışıb həyətin ortasında gur səslə şeir deyir.

Ata-analardan yayılan duyğular da bir-birinə bənzəmir. Kimisi foto və video ilə bu anı yaddaşa köçürməyə çalışır, kimisi isə sanki öz uşaqlığını yada salır.

Balaca məktəbli Orxanın atası deyir: “Oğlumun məktəbə qədəm qoymasını görə bilmək - bu, mənim həyatımın ən xoşbəxt anıdır. İstəyirəm ki, savadlı olsun, vətəninə xeyir verən bir insan kimi böyüsün”.

Birinci sinif şagirdi Aydanın anası isə gözlərinin yaşını silərək dillənir: “Dünən bağça idi, bu gün məktəbli oldu. Uşaqlar böyüdükcə, valideynlər bir az da kövrəlir...”

Zəngin səsi eşidiləndə sanki həyat bir anlıq dayanır. Bu il ənənəyə uyğun olaraq ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub. Müəllimlər övladlara Azərbaycanın azadlıq yolu, dövlətin rəmzləri və suverenliyin müqəddəsliyi haqqında danışır.

Birincilər müəllimlərinin müşayiəti ilə sinif otaqlarına daxil olduqda həyətin səsi azalır, amma orada qalan valideynlərin ürəyindəki gurultu səngimir. Göz yaşları ilə gülüşlərin yanaşı axdığı bir gündür bu.

Bu gün 130 min uşaq ilk dəfə məktəbli oldu, minlərlə ata-ana isə qəlbinin dərinliyində övladının gələcəyinə ünvanladığı duaları pıçıldadı.

Məktəb həyətlərindəki şənlik tədricən səssizliyə qarışsa da, bu günün xatirəsi illərlə yaddaşlardan silinməyəcək. 

Qeyd edək ki, yeni tədris ilində təhsil müəssisələrində birbaşa iştirak edənlərin sayı 2,1 milyon nəfərdən çoxdur.  Onlardan 1,8 milyon nəfəri şagird və tələbə, 300 mindən çoxu isə pedaqoji və inzibati işçi heyətidir. Bu, demək olar ki, ölkə əhalisinin hər dörd nəfərindən birinin təhsillə bilavasitə əlaqədə olduğunu göstərir ki, belə miqyaslı proses başqa heç bir sahədə müşahidə olunmur.

Təhsil eksperti Kamran Əsədov deyir ki, ən böyük yük ümumtəhsil məktəblərinin üzərinə düşür: "Rəsmi statistikaya görə, 2025-2026-cı tədris ilində ümumi təhsil sistemində 1 milyon 600 mindən çox şagird iştirak edəcək. Məktəbəqədər təhsildə 120 min uşaq tərbiyə alacaq, bu isə gələcək illərdə ibtidai siniflərdə davamlı artımın olacağını göstərir. Peşə təhsili müəssisələrində təqribən 35 min, orta ixtisas məktəblərində 60 min, ali təhsil müəssisələrində isə 220 mindən çox tələbə təhsilini davam etdirəcək. Bu rəqəmlər göstərir ki, ali və orta ixtisas təhsili seqmenti hələ də ölkənin təhsil strukturu içində nisbətən kiçik paya malikdir, əsas yük isə orta məktəblərdə qalır.

Yeni tədris ilinin mühüm göstəricilərindən biri də 1-ci sinfə qəbul olacaq. Bu il ölkə üzrə 130 mindən çox uşaq məktəb həyatına qədəm qoyacaq. Onların təxminən 45 mini paytaxt Bakının payına düşür ki, bu da şəhərdə məktəb sıxlığının və sinif komplektlərinin artması ilə bağlı yeni idarəetmə və infrastruktur çağırışları yaradır. Ölkə üzrə ibtidai sinif şagirdlərinin 35 faizinin Bakı məktəblərində olması həm də regionlarla paytaxt arasında balanslaşdırılmış təhsil siyasətinin zəruriliyini ortaya qoyur.

Daha geniş təhlil göstərir ki, ümumtəhsildə iştirak edən 1,6 milyon şagirdin təxminən 55 faizi kənd məktəblərində, 45 faizi isə şəhər məktəblərində oxuyur. Bu nisbət regionlarda müəllimlərin təminatı, infrastruktur imkanları və şagirdlərin keyfiyyətli təhsilə bərabər çıxış məsələlərini gündəmdə saxlayır. Eyni zamanda 300 min işçi heyətin 65 faizdən çoxu müəllimlərdir və onların sertifikatlaşdırma nəticələri, dərs yükü bölgüsü və sosial təminat məsələləri də yeni tədris ili ilə bağlı əsas diqqət mərkəzindədir".

Ekspertin sözlərinə görə, Avropa ölkələrinin əksəriyyətində əhalinin 18-20 faizi təhsil sistemində birbaşa iştirak edir. Azərbaycanda bu göstərici 21-22 faizə qədər yüksəlir ki, bu da ölkədə təhsilin sosial və ictimai əhəmiyyətinin miqyasını göstərir: "Əhalinin böyük bir hissəsinin hər gün məktəbə, kollecə və ya universitetə gedib-gəlməsi şəhər nəqliyyatı, ictimai infrastruktur və hətta əmək bazarının fəaliyyətinə təsir edir.

Bütün bunlar fonunda yeni tədris ilinin başlanması təkcə şagirdlər və tələbələr üçün deyil, bütövlükdə cəmiyyət üçün strateji hadisədir. 2,1 milyon insanı eyni vaxtda birləşdirən başqa sistem yoxdur. Bu həm də dövlətin sosial siyasətinin prioritet istiqaməti olan təhsilin gücünü və əhəmiyyətini bir daha göstərir".

Şahanə RƏHİMLİ,

“Yeni Müsavat”

 

Chosen
39
musavat.com

1Sources