EN

Gürcü xalqının seçimi sabitlik və inkişafdır

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərə cəmi 18 gün qalıb. Bu mühüm siyasi proses ərəfəsində bir daha aydın olur ki, sabitlik, inkişaf və milli maraqlar Gürcüstan vətəndaşı üçün prioritetdir. Bütün dövlət qurumları, Mərkəzi Seçki Komissiyası və digər aidiyyəti strukturlar seçkilərin şəffaf, demokratik və beynəlxalq normalara uyğun şəkildə keçirilməsi üçün ciddi hazırlıq işləri aparır. Artıq 23 beynəlxalq və 11 yerli müşahidəçi təşkilat, eləcə də 16 media qurumu seçki prosesində iştirakını rəsmiləşdirib.

Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani məlumat verib. O qeyd edib ki, beynəlxalq təşkilatlar üçün son qeydiyyat tarixi sentyabrın 27-si, yerli müşahidə təşkilatları üçün 24 sentyabr, KİV-lər üçün isə 29 sentyabrdır. Maraqlıdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) seçkilərdə müşahidəçi kimi iştirak etməyəcək. Bununla bağlı DTİHB Gürcüstanın qurumu seçkiyə cəmi bir ay qalmış dəvət etdiyini və bu müddətin lazımi hazırlıq üçün kifayət etmədiyini açıqlayıb.

Seçkiyə hazırlıq prosesi fonunda ölkənin siyasi mühitində radikal müxalifət tərəfindən süni şəkildə gərginlik yaradılması cəhdləri diqqət çəkir. Müxalifətin bir qismi artıq seçkilərdə iştirakdan imtina etdiyini açıqlayıb. Bu isə onların siyasi böhran içində olduğunu, xalqın dəstəyindən məhrum qaldıqlarını açıq şəkildə göstərir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” televiziya kanalına verdiyi geniş müsahibəsində müxalifətin destruktiv fəaliyyətini kəskin tənqid edərək bildirib ki, bu qüvvələr nəinki qarşıdakı seçkilərdə, hətta 2028 və 2032-ci illərdə keçiriləcək parlament seçkilərində də uğur qazana bilməyəcəklər. Baş nazirin sözlərinə görə, müxalifətin məğlubiyyətinin əsas səbəbi onların sıralarında milli maraqlara zidd fəaliyyət göstərən, “agent” kimi tanınan şəxslərin olmasıdır.

Baş nazirin mövqeyi aydındır. Onun fikrincə, agent olmaq vətənə xəyanət, xalqa arxa çevirmək və xarici mərkəzlərin sifarişlərini yerinə yetirmək deməkdir. Bu gün Gürcüstanda “Milli Hərəkat” və onun törəmə siyasi qurumları olan “Lelo”, “Axali”, “Qaxaria” və digərləri cəmiyyətin gözündə artıq əsl mahiyyətlərini ortaya qoyublar. Onların imicdəyişdirmə cəhdləri və ya yeni adlarla siyasi səhnəyə qayıtmaq planları uğursuzluğa məhkumdur. Gürcü xalqı artıq bu maskaların arxasında kimin dayandığını çox yaxşı bilir.

Baş nazir açıq şəkildə bildirib ki, bu gün müxalifət daxilində fəaliyyət göstərənlərin əksəriyyəti ya vaxtilə hakimiyyətdə olmuş şəxslər, ya da indi başqa ad altında eyni niyyətlə hərəkət edənlərdir. Bu onu göstərir ki, müxalifətin yeni ideyası yoxdur, onların tək məqsədi ölkədə qarışıqlıq yaratmaq və xarici maraqlara xidmət etməkdir. Bu bir həqiqətir və seçicilər də bunu çox yaxşı başa düşürlər.

Son zamanlar paytaxt Tbilisidə keçirilən “Vizasız rejimi qoruyaq” adlı mitinq də radikal müxalifətin gərginlik strategiyasının bir parçasıdır. Mitinq zamanı səsləndirilən “Rusiya rejiminə yox”, “Avropa ilə birlikdə irəli” kimi şüarların arxasında siyasi manipulyasiya və ictimai rəyə təsir göstərmək cəhdi durur. Mitinqdə Tbilisi meri Kaxa Kaladzenin qərargahı qarşısında təxribat xarakterli aksiyalar keçirilməsi və bunun təşkilatçıları sırasında müxalifət liderləri ilə yanaşı keçmiş prezident Salome Zurabişvilinin də yer alması təsadüfi deyil. İstənilən halda bu cəhdlər sonda uğursuzluğa düçar olacaq. Bununla bağlı Baş nazir əminliklə bildirib ki, bu aksiyalar ölkədə ictimai sabitliyi poza, seçkilərin nəticələrinə təsir göstərə bilməyəcək. Onun sözlərinə görə, bu cür addımlar təkcə Gürcüstanın deyil, Avropa İttifaqının da maraqlarına ziddir.

Bunlara baxmayaraq, təəssüf ki, bəzi xarici dairələr və onların dəstəklədiyi radikal qüvvələr Gürcüstanda sabitliyi pozmağa, ölkədəki siyasi vəziyyəti gərginləşdirməyə çalışırlar. Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski bildirib ki, “kollektiv Vahid Milli Hərəkat” adlanan destruktiv qrup və ona bağlı dairələr xarici kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirirlər. Onların məqsədi ölkənin müstəqilliyinə və suverenliyinə zərbə vurmaq, xalqı təxribatlara sürükləməkdir. Volski bu qüvvələrin ictimai dəstəyi itirdiyini, onların siyasi arenadakı rolu ilə xalqın maraqları arasında kəskin uçurum yarandığını qeyd edib.

Tbilisi meri Kaxa Kaladze hesab edir ki, sentyabrın 8-də qərargah qarşısında baş vermiş insident və digər təxribatların da məqsədi yerli seçkilər öncəsi ölkədə sabitliyi pozmaq olub: “Bu cəhdlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunması və xarici kəşfiyyat orqanlarından maliyyələşdirilməsi isə təkzibolunmaz həqiqədir. Hüquqi dövlətdə radikal çağırışlara və cinayətə təhrik edən davranışlara yer yoxdur. Məhz buna görə də radikal müxalifət nümayəndələrindən biri Levan Xabeişvili barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. “Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri Elene Xoştariya saxlanılıb. Əminliklə deyə bilərəm ki, Gürcüstana qarşı konspirativ sui-qəsd mövcuddur və burada Xabeişvili kimilər iştirak edir. Onun həbsi də hüququn aliliyinə və qanunun hökmünə verilən önəmin göstəricisidir. Dövlət hüquqa əsaslanaraq öz mövqeyini ortaya qoyur və ictimai təhlükəsizlik üçün zəruri tədbirləri həyata keçirir”.

Hakim partiya müxalifətdən fərqli olaraq hesab edir ki, seçki qanunvericiliyində edilən dəyişikliklər, xüsusilə də majoritar sistemdə qalib gəlmək üçün tələb olunan 40 faiz limitin ləğv olunması Gürcüstanın daha ədalətli və çevik seçki modelinə keçidini təmin edir. Bu dəyişikliklər bəzi müxalif qüvvələr tərəfindən sui-istifadə olunmağa çalışılsa da, əslində, seçicinin iradəsinin daha dəqiq əks olunmasına xidmət edir.

Gürcüstan parlamentinin keçmiş deputatı İsak Novruzov XQ-yə bildirdi ki, Gürcüstan xalqı artıq yaxşı bilir ki, bu cür radikal qüvvələr ölkəni tərəqqidən yox, xaosdan bəhrələnən bir mühitə sürükləmək istəyir: “Lakin xalq bu oyunlara uymur. Son aksiyalarda iştirakçıların azlığı, ictimai dəstəyin minimum səviyyəyə enməsi də bunun bariz sübutudur. “Gürcü Arzusu” Partiyası xalqın etimadını qazanmış yeganə siyasi qüvvə kimi seçkilərə hazırlığı yüksək səviyyədə davam etdirir. Seçkilər yaxınlaşdıqca cəmiyyətdə bu partiyaya olan dəstək daha da artır. Rəy sorğuları da hakim partiyanın 65 faizlik reytinqə sahib olduğunu göstərir. Müxalifətdən ən yaxşı halda “Qaxariya Gürcüstan naminə” 10,7 faiz, “Lelo” 10,4 faiz, “Girçi” 5,1 faiz seçicinin dəstəyini ala bilər. Bu rəqəmlər həm də xalqın sabitliyə, dövlətçiliyə və milli maraqlara sədaqətinin göstəricisidir”.

Beləliklə, Gürcüstanın gələcəyi qanunun aliliyinə, demokratik prinsiplərə və sabit inkişafa əsaslanır. Bu seçkilər bir daha sübut edəcək ki, xalq yalnız inkişafa, təhlükəsizliyə və milli maraqlara xidmət edən qüvvələrlə yol getmək niyyətindədir. İstənilən destruktiv cəhdlər isə cəmiyyətin ayıq düşüncəsi, dövlətin hüquqi dayaqları və seçicilərin qəti iradəsi qarşısında iflasa uğrayacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Chosen
32
1
xalqqazeti.az

2Sources