EN

Avstriyada piramidalardan və Stounhendcdən daha qədim nəhəng dairələr aşkar edilib

Arxeoloqlar 6500 illik neolit abidəsini üzə çıxarıblar...

Poliqon xəbər verir ki, Avstriyanın Rexnits qəsəbəsi yaxınlığında arxeoloqlar nadir tarixi kəşfə imza atıblar. Burgenland Arxeologiya İnstitutunun mütəxəssisləri aero-fotoçəkiliş texnologiyalarından istifadə edərək düzənlik ərazidə bir-birinə sıx şəkildə yerləşdirilmiş çoxsaylı konsentrik dairələrdən ibarət iri kompleks aşkar ediblər.

Tədqiqatın nəticələrinə görə, tapıntının yaşı təxminən 6500 ildir. Bu isə abidəni nəinki məşhur Stounhendcdən, hətta Qədim Misirin Giza piramidalarından da daha qədim edir. Analizlər göstərib ki, kompleks eramızdan əvvəl 4850–4500-cü illərə aiddir.

Kompleks əsasən halqavari xəndəklərdən ibarətdir. Burada hər bir dairəyə daxil olmaq üçün xüsusi girişlər nəzərdə tutulub və bu, qədim insanların memarlıq və təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu sübut edir. Arxeoloqlar hesab edirlər ki, tikili əsasən rituallar və kult məqsədləri üçün istifadə olunub. Onun özünəməxsus xüsusiyyəti isə dairələrin bir-birinə çox sıx yerləşməsi, hətta demək olar ki, toxunmasıdır.

Ən böyük dairənin diametri 105 metr təşkil edir. Alimlər bu abidəni neolit Avropasının ən mühüm arxeoloji tapıntılarından biri hesab edirlər. Qeyd olunur ki, kəşf yaxınlıqda yaradılması planlaşdırılan turistik arxeoloji parkın da dəyərini əhəmiyyətli dərəcədə artıracaq.

Poliqon.info

Chosen
60
poliqon.info

1Sources