EN

“Dövlət xidmətləri haqqında” yeni qanun qəbul ediləcək

"Dövlət xidmətləri haqqında" yeni qanun qəbul ediləcək.

Day.Az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında yeni "Dövlət xidmətləri haqqında" qanun layihəsi müzakirə olunub.

Bildirilib ki, "Dövlət xidmətləri haqqında" qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib.

Təqdim olunan qanun layihəsi dövlət xidmətləri sahəsində faəliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək.

Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlı qanunvericiliyə anlayışlar gətirilib. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi gətirilib.

Layihənin qəbul olunması ilə dövlət xidmətinin formalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasən dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək. Qanun qəbul edilərsə, bu müddəa 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir.

Layihədə öz əksini tapan vacib bir məqamda ondan ibarətdir ki, dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən ediləcək. "ASAN xidmət indeks" qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

20 maddədən ibarət olacaq yeni qanun dərc edildiyi gündən qüvvəyə minəcək.

Chosen
36
7
day.az

10Sources