Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı sanksiyalar sərtləşdirilir.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi 4 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, bu cinayət cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında cərimə və ya 5 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.