Azər Kərimli: “Qarabağ və Şərqi Zəngəzur torpaqlarının hər bir qarışı suveren Azərbaycan dövlətinin nəzarətindədir”
“2025-ci il sentyabrın 15-də Prezident İlham Əliyev Xocalının Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdə mühüm mesajlar verdi. Bu görüş Prezidentin azad edilmiş torpaqlara xüsusi diqqətinin daha bir sübutu idi. Onun çıxışında səsləndirdiyi fikirlər – Qarabağın hər bir qarışının Azərbaycan dövlətinin nəzarətində olduğu, burada vətəndaşların təhlükəsiz və ləyaqətli həyat şəraitinin təmin ediləcəyi – həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş siyasi bəyanat idi. Prezident bu görüş zamanı bildirdi ki, bu kəndlərin sakinləri uzun illər doğma torpaqlarına qayıdacağı günü gözləyirdilər və bu gün artıq real həyatda baş verir. Prezidentin bu səfəri yalnız rəmzi xarakter daşımırdı – o, eyni zamanda kəndlərin sosial infrastrukturu, təhlükəsizlik məsələləri və yenidənqurma prosesi ilə bağlı konkret göstərişlər verdi. Bu, dövlətin xalqla bir yerdə olduğunu, qayıdış prosesinin söz deyil, əməli işə əsaslandığını göstərdi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Fikirlərini davam etdirən millət vəkili Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün vədlərə hər zaman əməl etdiyini və bunun dövlət başçısına xalqın inam və güvənini daha da artırdığını xüsusi vurğulayıb: “Düz 22 il əvvəl – 2003-cü ilin oktyabrında Azərbaycan xalqı cənab İlham Əliyevə etimad göstərərək onu Ölkə Prezidenti seçdi. O zaman dövlət başçımızın verdiyi ilk vədlərdən biri Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və milli maraqları qətiyyətlə qorumaq idi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Qələbə, 2023-cü ilin sentyabrında keçirilən suverenliyin bərpası əməliyyatı və sonrakı illərdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin tam nəzarətə götürülməsi bu vədin söz yox, strateji siyasi proqram olduğunu sübut etdi. Cənab Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında bu şəhərlərə səfər edərək, orada Azərbaycanın üçrəngli bayrağını şəxsən ucaltdı. Bu, 20 il öncə verilmiş vədin gerçəyə çevrilməsinin ən parlaq nümunəsi idi. 2024-cü ildə Xocavənd və Xocalıya etdiyi səfərlərdə o, azad olunmuş torpaqlarda həyatın bərpası ilə bağlı strateji planları açıqladı. Cənab Prezident İlham Əliyev xalqla sözünə və əməli siyasətinə görə bağlanan bir liderdir. Bu gün möhtərəm dövlət başçımızın verdiyi vədin hər detalı reallığa çevrilmişdir.”
Sonda Azər Kərimli Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün qeyd olunmasının əhəmiyyətindən bəhs edib: “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. Bu qərar, Azərbaycanın tarixi ədalət uğrunda apardığı mübarizənin və nəticə olaraq qazandığı zəfərin real təcəssümüdür. Artıq ikinci ildir ki, bu tarix dövlət səviyyəsində, bu gün isə həm də geniş ictimaiyyət və yerli əhali tərəfindən qeyd olunur. Bu, həm qayıdış prosesinin sürətləndiyini göstərir, həm də milli yaddaşda bu torpaqların əbədi Azərbaycan torpaqları kimi dərin iz salmasına xidmət edir.”