EN

Bakı-Sumqayıt istiqamətində təhlükəsizlik zolaqları yenilənəcək? - RƏSMİ CAVAB

"Dəmir yollarının mühafizə zonalarında qeyri-qanuni və ya təhlükə yaradan tikililərin mövcudluğu həm sərnişinlər, həm də həmin tikililərdə məskunlaşan vətəndaşlar üçün ciddi təhlükə törədir. Mühafizə zonasının eni dəmir yolu boyunca sağ və sol istiqamətlər olmaqla 24 metrdən 50 metrə qədər, bəzi yerlərdə 100 metr və daha artıq sahəni əhatə edir".

Bu barədə Far.Az-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qurumdan həmçinin qeyd edilib ki, dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdə sıx məskunlaşma sakinlərin öz həyatını da riskə atır, bu ərazilərdə qatarların qarşısına qəfil insan çıxma halları intensivləşir, bu da bəzən faciə ilə nəticələnir:

"Son 3 ildə dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq insan həyatını itirib və ya ağır xəsarət alıb. Eyni zamanda, təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb.

Hər hansı bir hadisə baş verdikdə qanunsuz zəbt edilən mühafizə zonalarına yanğınsöndürən, təcili tibbi yardım maşınları daxil ola bilmir. Halbuki dəmiryol xətti çəkilərkən mühafizə zonasının ayrılmasında məqsəd xüsusilə təhlükəsizliyin təmin edilməsidir. Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini də çətinləşdirir. Nəticədə təmir müddəti uzanır, bu da qatarların hərəkət qrafikində uzun müddət ləngimələrə səbəb olur.

Dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdəki sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir.

Azərbaycanın dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Lakin dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunmuş fərdi evlər, obyektlər dövlət əhəmiyyətli layihələrin icrasında, o cümlədən dəmiryol xətlərinin bərpasında da bir sıra çətinliklər törədir. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Yeni Suraxanı–Hövsan xətlərinin bərpası nəzərdə tutulur".

Orxan Hüseyn

Chosen
17
1
far.az

2Sources