Bu ilin avqust ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 840 minə yaxın sərnişinə xidmət göstərməklə rekord göstəriciyə nail olub.
Bu barədə aeroportdan məlumat verilib.
Məlumata əsasən, bu rəqəm bütün illərin avqust ayı ərzində qeydə alınmış ən yüksək nəticədir. Bu müddətdə ümumilikdə 8,238 uçuş həyata keçirilib.
Yay mövsümündə sərnişinlərin səyahət üçün ən çox üstünlük verdiyi istiqamətlər İstanbul, Antalya, İzmir, Dubay və Tbilisi şəhərləri olub. Bu istiqamətlərdə xidmət göstərən 38 beynəlxalq aviaşirkət arasında xüsusilə “Turkish Airlines”, “AJet”, “Fly Dubai”, “Air Arabia” və “Wizz Air” yüksək sərnişin axını ilə fərqlənib.
Tranzit sərnişinlərin sayında da artım müşahidə olunub. Belə ki, bu ilin avqustunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 % çox olmaqla 42,053 sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit keçib.
Milli aviadaşıyıcı AZAL tərəfindən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə daşınan sərnişinlərin sayı ötən ilin avqust ayı ilə müqayisədə 2 % artaraq 79,120 nəfərə çatıb. Bu istiqamətdə həyata keçirilən uçuşların sayı isə ay ərzində 372-yə yüksəlib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə göstərilən xidmətlərin yüksək keyfiyyəti və uçuşların təhlükəsizliyi istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda Azərbaycanı beynəlxalq hava nəqliyyatı xəritəsində mühüm tranzit mərkəzlərindən biri kimi möhkəmləndirir.