EN

Samuel Umtiti 31 yaşında karyerasını bitirdi

“Barselona”nın (İspaniya) və Fransa milli komandasının sabiq müdafiəçisi Samuel Umtiti futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə 31 yaşlı oyunçu özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

Təcrübəli oyunçunun paylaşımında bunlar qeyd edilib:

“Enişli-yoxuşlu karyeradan sonra futbolla vidalaşmağın vaxtıdır. Heç nəyə görə peşman deyiləm. Tanıdığım bütün klublara, prezidentlərə, məşqçilərə və futbolçulara təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm, “Olimpik” (Lion), təşəkkür edirəm, “Barselona”, sağ ol, “Lill”, sağ ol, “Leççe”, sağ ol, Fransa”, – deyə Umtiti bildirib.

Xatırladaq ki, Umtitinin sonuncu klubu Fransa təmsilçisi “Lill” olub. O, 2023-cü ildən formasını geyindiyi Liqa 1 təmsilçisini bu yay azad agent kimi tərk etmişdi. Umtiti “Lill” klubunun forması altında meydana çıxdığı 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Umtitinin digər klublarının heyətindəki statistik göstəriciləri belədir:

“Olimpik” (Lion) – 170 oyun, 5 qol, 3 assist
“Barselona” – 133 oyun, 2 qol, 1 assist
Leççe – 25 oyun

Samuel Umtiti 2016-cı ildə debüt etdiyi Fransa millisinin heyətində 31 oyunda 4 qol vurub. O, 2018-ci ildə milli komanda ilə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Fransalı futbolçu “Barselona” ilə 2 dəfə İspaniya çempionu olub, 3 dəfə İspaniya Kubokunu, 2 dəfə İspaniya Super Kubokunu qazanıb. Müdafiəçi Lion “Olimpik”i ilə də Fransa Kubokunu və Fransa Super Kubokunu əldə edib.

error: Məzmun qorunur!
Chosen
34
arena.az

1Sources