EN

İzzət Orucova: İlk kino aktrisası və akademik

Bu gün Azərbaycanın ilk kino aktrisası və görkəmli alim İzzət Orucovanın anadan olmasından 116 il ötür.

Doğru.az xəbər verir ki, ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil” əsəri ilə gətirib və baş rol üçün gənc İzzət Orucovanı seçib. Beləliklə, İzzət xanım ilk Azərbaycan səsli filmində rol alıb və “Sevil” və “Almaz” filmlərində azadlığa çıxan Azərbaycan qadınının canlı obrazını yaratmağa müvəffəq olub.

İzzət Orucova həmçinin ikinci xanım akademikdir. 1972-ci ildə ona elmdə ən yüksək elmi dərəcə – akademik adı verilib. O, Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutundan başlayaraq bir sıra elmi və rəhbər vəzifələrdə çalışıb, ölkəmizi Kanada, Almaniya, Macarıstan və Portuqaliya kimi ölkələrdə təmsil edib.

Xatirələrində İzzət Orucova çəkiliş prosesini belə xatırlayırdı: Cəfər Cabbarlı tələbkar rejissor olaraq hər kadrı nəzarətdə saxlayır, səhnələrdəki detal və emosiyaların tamaşaçıya çatmasını təmin edirdi. Hətta “Sevil” filminin məşhur çarşab səhnəsi bir neçə dəfə təkrar çəkilmişdi.

Akademik İzzət Orucova həm elmi, həm də mədəni irsi ilə Azərbaycan tarixində əbədi iz qoyub. O, 1983-cü il aprelin 22-də 73 yaşında vəfat edib.

DOĞRU.AZ

Chosen
8
1
dogru.az

2Sources