EN

Azərbaycanın Qarabağda antiterror əməliyyatı: zərurət və nəticələr

Qədim tarixi, zəngin maddi və mənəvi irsi, özünəməxsus mədəniyyəti, əsrarəngiz təbii -coğrafi şəraiti, tükənməz sərvətləriolan ölkəmiz müxtəlif dövrlərdə neçə-neçə sınaqlardan keçmiş, torpaqlarına göz dikən düşmənlərlə mübarizə aparmışdır. Müstəqilliyini bərpa etdikdən sonra doğma Vətənimiz Azərbaycan ən müasir tarixinin 30 ilə yaxın dövrünüyenə ağır və çətin bir imtahan- Qarabağın azadlığı üçün mübarizəyə həsr etmişdir. Nəhayət, 2020-ci ildə 44 günlük müharibədə qazandığı Şanlı Qələbə ilə haqqı olanı alaraq torpaqlarını düşmən tapdağından azad etmişdir.

2023-cü il sentyabrın 19–20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin olunması istiqamətində məsələlərə nöqtə qoyan son addım oldu. Bu əməliyyat həm regionda sülh və sabitliyin bərqərar olunması, həm də işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyimizin tam şəkildə bərpası baxımından tarixi əhəmiyyət daşıyır.

2020-ci ilin 10 noyabrında imzalanmış kapitulyasiya aktına baxmayaraq, Qarabağ bölgəsində 10 mindən artıq Ermənistanın qanunsuz silahlı birləşmələri qalmaqda idi. Halbuki, üçtərəfli Bəyanata əsasən, həmin silahlı birləşmələr üç il əvvəl ərazidən çıxarılmalı idi. Dövlətimiz bu müddətdə gərginliyin qarşısını almaq, reinteqrasiya prosesini təmin etmək və məsələni danışıqlar yolu ilə həll etmək üçün humanist mövqe nümayiş etdirdi. Təəssüf ki, erməni tərəfi bu çağırışlara adekvat cavab vermədi, əksinə silahlı qüvvələrin sayını artırdı, yeni texnika gətirdi və separatçı fəaliyyətini davam etdirdi.

İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkəmizin suveren ərazisində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun qanunsuz olduğunu bildirmişdi. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq etsə də, Ermənistan rəhbərliyi bu tələbləri qulaqardına vurdu.

Müharibədən sonra Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ardıcıl təşəbbüslərlə çıxış etsə də, Ermənistan tərəfi danışıqlardan boyun qaçırdı. 2021-ci ildən başlayaraq sərhədlərin delimitasiyası ilə bağlı aparılan danışıqlar tez-tez böhranlarla müşayiət olunurdu. 2021-ci ilin noyabrında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin mart–may aylarında Ermənistan tərəfinin törətdiyi silahlı təxribatlar bölgədə yeni gərginliklər yaratmışdı.

Ermənistan 2020-ci il 10 noyabr Bəyanatına əməl etməyərək üç il ərzində nə canlı qüvvəsini, nə də hərbi texnikasını ərazimizdən çıxarmadı. Əksinə, Qarabağda yüzdən çox tank və zirehli nəqliyyat vasitəsi, iki yüzdən çox top və artilleriya qurğusu, müasir hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri yerləşdirmişdi.

Beynəlxalq hüququn prinsiplərini təmin etmək, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19–20-də qısamüddətli və lokal xarakterli antiterror tədbiri həyata keçirdi. Əməliyyat nəticəsində düşmənin əsas hərbi infrastrukturları zərərsizləşdirildi, qanunsuz silahlı dəstələr tərksilah edildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu əməliyyat həm də bölgədə uzunmüddətli sülh və sabitlik üçün yeni imkanlar açdı.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə təhlükəsizlik üçün ən böyük təhdidlərdən biri Ermənistan istehsalı olan minalar idi. 2021-ci ildən etibarən Ermənistan tərəfindən dövlətimizə qarşı məqsədyönlü şəkildə terror aktları həyata keçirilirdi, müharibədən sonrakı illərdə isə Ermənistandan Qarabağa qanunsuz şəkildə minalar gətirilir və müxtəlif yerlərdə basdırılırdı. Qarabağda separatçıların qeyri-qanuni fəaliyyəti Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının haqlı narazılığına səbəb oldu. Şuşa–Laçın yolunda keçirilən etiraz aksiyası separatçıların qanunsuzluqlarına qarşı ictimai müqavimətin təzahürü idi. Xüsusilə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və ekoloji normaların pozularaq təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin səbir kasasını daşırmışdı.

Ölkəmizin ərazisində düşmən dövlətin qanunsuz fəaliyyətininqarşısını almaq məqsədilə 2023- cü ilin 23 aprel tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bu addım üçtərəfli bəyanatın müddəalarının icrasına uyğun olaraq atılsa da, Ermənistan tərəfindən müqavimətlə qarşılandı. Bununla belə, məntəqənin yaradılması Ermənistanın Qarabağa yeni silah-sursat və canlı qüvvə göndərməsinin qarşısını almaqda mühüm rol oynadı və sərhədlərimizdə təhlükəsizlik tədbirləri gücləndirildi.

2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin diversiya və terror aktları nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması, Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması və Ağdamla Şuşada baş verən terror aktları ölkəmizi qətiyyətli addımlar atmağa vadar etdi. Ermənistanın Qarabağdakı qeyri-qanuni silahlı qüvvələrinin mövqelərini gücləndirməsi və yüksək döyüş hazırlığına gətirməsi də əməliyyatın labüdlüyünü artırdı. Bütün bu səbəblər Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal xarakterli antiterror əməliyyatına başlanmasına gətirib çıxardı.

Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan Ordusu yüksək dəqiqlikli müasir silahlarla düşmənin mövqelərini, uzunmüddətli atəş nöqtələrini və hərbi texnikasını sıradan çıxardı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti əsasında atəşkəs razılaşması əldə olundu. 20 sentyabr saat 13:00-da əməliyyat dayandırıldı və qeyri-qanuni silahlı dəstələrin və Ermənistan silahlı qüvvələrinin tam tərksilah olunması və Azərbaycan ərazilərini tərk etməsi, bütün silah-sursatın və ağır texnikanın təhvil verilməsi, bu prosesin Rusiya sülhməramlıları ilə əlaqələndirilməklə həyata keçirilməsi şərtləri ilə tədbirlər həyata keçirildi.

Ordumuz 19–20 sentyabr 2023-cü ildə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı zamanı yüksək peşəkarlıq, qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Çətin relyef şəraitində, düşmənin illərlə qurduğu istehkamların mövcudluğuna baxmayaraq, hərbi qulluqçularımız qısa müddətdə bütün istiqamətlər üzrə mühüm uğurlar əldə etdilər. Əməliyyat nəticəsində 406 kvadratkilometrlik ərazi yad ünsürlərdən təmizlənərək Azərbaycan Ordusunun tam nəzarəti altına alındı.

Antiterror əməliyyatı başlamazdan öncə Silahlı Qüvvələrimizə ciddi göstəriş verilmişdi ki, mülki əhali hər hansı zərbə altında qalmamalıdır. Azərbaycanın Müdafiə Nazirliyi bölgədə yaşayan erməni sakinləri SMS, səsgücləndirici və paylanılan məlumat vərəqələri vasitəsilə xəbərdar etmiş, onların təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər həyata keçirmişdir.

Azərbaycan dövləti əməliyyat zamanı humanizm prinsiplərinə sadiq qalaraq beynəlxalq humanitar hüquq normalarına tam riayət etdi. Əhalinin təhlükəsizliyi təmin olundu, tibbi və sosial yardımlar göstərildi, qadınlar, uşaqlar, yaşlılar və xəstələr xüsusi qayğı ilə qorundu. İctimai, sosial, tibbi, dini və digər mühüm obyektlərin mühafizəsi təşkil edildi.

Bir günlük antiterror əməliyyatından sonra illərlə Azərbaycan tərəfi ilə danışıqlardan imtina edən Qarabağdakı erməni icmasının nümayəndələri Yevlaxda görüşə gəlməyə məcbur oldular. Görüşdə separatçı rejimin ləğvi və erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə edildi.

Sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbəri Samvel Şahramanyan separatçı qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da, 24 saatdan az müddətdə Ermənistan ordusu Azərbaycan ərazisindən tam çıxarıldı, xunta rejimi süquta uğradı, əsas separatçı liderlər həbs edildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il 15 oktyabrda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaldaraq dövlətimizin tam suverenliyini və ərazi bütövlüyünü bütün dünyaya nümayiş etdirdi.

Bu il artıq ərazi bütövlüyümüz tam bərpa olunmasının ikinci ili tamam olur. Ali Baş KomandanımızİlhamƏliyevin rəhbərliyi ilə, müzəffər Ordumuzun keçirdiyi bu antiterror əməliyyatı, suveren dövlətimizin qüdrətini və ədaləti bərpa etmək qabiliyyətinibütün dünyaya bir daha sübut etmişdir.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Chosen
2
3
sia.az

4Sources