EN

İki dəfədən artıq Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti aradan qaldırılır

Bakı, 16 sentyabr, AZƏRTAC

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 16-da keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsi müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, təqdim edilən qanun layihəsi Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirmək məqsədilə hazırlanıb.

Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, vəkillərin işdə iştirak edən şəxs olduqda (mülki prosesdə) kassasiya instansiyasında özlərini təmsil etməsi və Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina etmək və öz-özünü təmsil etmək hüququnun müəyyən edilməsi nəzərdə tutulur.

Həmçinin vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dair müddəalar dəqiqləşdirilir.

Vəkillər Kollegiyasının orqanlarının fəaliyyətinin dairəsinə vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas komissiyası əlavə edilməklə onların hüquq və vəzifələri müəyyən edilir.

Eyni zamanda, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür, vəkillər barəsində tətbiq edilən intizam tənbehləri dəqiqləşdirilir.

Vəkillər Kollegiyası üzvlərinin “ümumi yığıncağı” (konfransı), vəkil sorğusu, vəkilin xidməti vəsiqəsi və digər məsələlərə dair müddəalar təkmilləşdirilərək yeni redaksiyada təqdim olunur.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Chosen
41
1
azertag.az

2Sources