EN

Ukrayna, Belarus və Rusiya universitetlərinin məzunları imtahanda kəsildi

“Mühəndislik” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 21 faiz təşkil edir.

Musavat.com xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov brifində bildirib.

Onun sözlərinə görə, TKTA sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində “Mühəndislik” ixtisası üzrə keçirilən peşə imtahanının nəticələrinə əsasən, ümumilikdə 13 ixtisas göstəricisinə görə 89 nəfər imtahanda iştirak edib, onlardan yalnız 19 nəfəri (21%) uğurlu nəticə göstərib, digər 70 nəfəri isə (79%) uğursuz olub.

Xüsusən də, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 23 nəfərdən yalnız 1 nəfər (4%) uğurlu olub, 22 nəfər isə (96%) uğursuz nəticə əldə edib. “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə imtahanda iştirak edən 31 nəfərdən cəmi 4 nəfəri uğurlu (12%) nəticə göstərib, digər 27 nəfər (88%) isə uğursuz olub".

Tural Əhmədov qeyd edib ki, uğursuz nəticələrin əsas hissəsi Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür:

"Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ATM-lərə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir".

Afaq Mirayiq,
Musavat.com

Chosen
19
1
musavat.com

3Sources