EN

Qeyri-formal təhsil üzrə sənəd alanların sayı AÇIQLANDI

Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətinə uyğun olaraq qeyri-formal və informal təhsilin tanınması (QFİTT) sahəsində müxtəlif peşə ixtisasları (“Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Bərbər-vizajist-manikürçü”, “Bərbər”, “Dərzi”, “Kompüter operatoru”, “Avtomobil mühərriklərinin yığıcısı”, “Mühafizəçi”, “Zərgər”, “Elektrik qaz qaynaqçısı” və “Təmirçi-çilingər”) üzrə Agentliyə ümumilikdə 226 müraciət daxil olub.

Musavat.com xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov brifində bildirib.

Onun sözlərinə görə, müraciət edən vətəndaşlardan 200 nəfəri TKTA tərəfindən ilkin mərhələ olan nəzəri imtahanlara cəlb olunub:

"Onlardan 167 nəfəri məqbul, 33 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Növbəti mərhələdə praktiki imtahanlara cəlb olunan 145 nəfərdən 138 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədi əldə edib, 7 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Hazırda 22 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir".

Tural Əhmədov qeyd edib ki, QFİTT üzrə qiymətləndirmə və tanınma aşağıda qeyd olunan müxtəlif qurumlarla birgə əməkdaşlıq və layihələr çərçivəsində, həmçinin şəxsi vəsait hesabına həyata keçirilib.

1.   “bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə “Sənətin varsa, sənədin olacaq!” layihəsi çərçivəsində 95 nəfər nəzəri imtahanlara cəlb edilib. Onlardan 77 nəfəri məqbul, 18 nəfər isə qeyri-məqbul nəticə göstərib. Praktiki imtahanlarda iştirak edən 77 nəfərdən 76 nəfəri uğurlu nəticə əldə edərək peşə sənədinə sahib olub, 1 nəfər isə uğursuz nəticə göstərib.
2.   Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” çərçivəsində 45 nəfərin bilik və bacarıqları qiymətləndirilib. Nəzəri imtahanlarda  34 nəfər uğurlu, 11 nəfər isə uğursuz nəticə əldə edib. Praktiki imtahanlarda isə 34 nəfərdən 14 nəfəri iştirak edib, onlardan  9 nəfəri uğurlu nəticə əldə edərək müvafiq peşə sənədi əldə edib. Digər 20 nəfərin  yaxın zamanda praktiki imtahanlara cəlb edilməsi nəzərdə tutulur.
3.    “Azerbaijan International Mining Company” MMC ilə əməkdaşlıq çərçivəsində 15 nəfər “Elektrik qaz qaynaqçısı” və “Təmirçi-çilingər” ixtisasları üzrə keçirilən nəzəri və praktiki imtahanlarda iştirak edərək uğurlu nəticə əldə etdikləri üçün onların hər birinə müvafiq peşə sənədi təqdim edilib.
4.   “AzərGold” QSC-nin maliyyə dəstəyi ilə “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində 14 nəfər müvafiq imtahanlarda iştirak edib. Həm nəzəri, həm də praktiki imtahanda uğurlu olduqları üçün onlara müvafiq peşə sənədi təqdim edilib.
5.   Şəxsi vəsait hesabına müraciət edən vətəndaşlardan 31 nəfər nəzəri imtahanlarda iştirak edib, onlardan 27 nəfəri uğurlu, 4 nəfəri isə uğursuz nəticə əldə edib. Praktiki imtahana 25 nəfər cəlb olunub, onlardan 24 nəfəri uğur qazanaraq müvafiq peşə sənədi əldə edib, 1 nəfəri isə uğursuz nəticə göstərib. Qeyd edək ki, 2 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir.

Məlumat üçün bildiririk ki, cari ildə QFİTT üzrə “Təmirçi-çilingər” peşə ixtisası əlavə olunmaqla qiymətləndirilməsi və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 27-yə çatdırılıb.

Ümumilikdə, qeyd edilən müddət ərzində qeyri-formal və informal təhsilin tanınması üzrə həyata keçirilən qiymətləndirmələr nəticəsində çoxsaylı vətəndaşımızın  öz peşəkarlığını təsdiq edən müvafiq sənəd əldə etməsi onların əmək bazarına çıxış imkanlarını genişləndirməklə yanaşı, ölkədə peşəkar işçi qüvvəsinin formalaşmasına mühüm töhfə verməkdədir".

Afaq Mirayiq,
Musavat.com

Chosen
50
3
musavat.com

4Sources