EN

“Sən məndən yaz, mən də səndən...” İnstaqramda şeirinə 500 layk gələnə şair deməliyikmi?

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Vaxtaşırı xarici internet resurslarında “sənət sənət üçündür” fikri ilə bağlı polemikaları oxuduqca, ədəbiyyatın mahiyyəti ilə bağlı analoji sual beynimi qurcalayır: Ədəbiyyat nə üçündür? Milli kimlik üçünmü? Siyasi ideologiya üçünmü? Sosial islahat üçünmü? Yoxsa ədəbiyyat sadəcə ədəbiyyat üçündür? Azərbaycan ədəbiyyatı XX əsrdə “ideologiya üçün ədəbiyyat” şinelini geyinmişdi. Daha doğrusu, sovet repressiv rejimi ona bu şineli “geyindirmişdi”. Sovet dövründə yazıçıların çiyninə düşən yük ideoloji sifarişləri yerinə yetirmək idi. “Ədəbi qəhrəman” əslində, sosializm insanının bədii inikası olmalı idi. Yazıçıların “partiya sadiqliyi” bədii istedaddan daha çox qiymətləndirilirdi. Belə bir şəraitdə ədəbiyyatın öz daxili poetikasına, estetik təbiətinə xidmət etməsi, demək olar ki, mümkün deyildi.Onda ədəbiyyat yazılmırdı – sifariş edilirdi. Bunun nəticəsi isə o oldu ki, yüzlərlə əsər, roman, poema yazıldı, amma bir neçəsi istisna olmaqla, onların əksəriyyəti zamanın sınağından keçmədi. Ədəbi yaddaşda qalmadı. Çünki onlar ədəbiyyat deyildi, kağız üzərində bədii-ideoloji “sənəd” idi. Yəni ədəbiyyat sovet dövründə sənət deyildi, sənəd idi...1991-ci ildən sonra ədəbiyyat nəhayət, azad oldu – lakin azadlıqla nə edəcəyini bilməyən bir ovuc ədibimiz ədəbiyyat meydanında ortalıqda qaldı. Əvvəllər sovet repressiyasında boğulmuş yazıçımız indi azad idi, amma bu dəfə də yönsüz, redaktorsuz və dəyərləndirilməmiş bir boşluqda yazmağa başladı. Bəziləri Qərb modasına uymuş postmodernist eksperimentlərə girdi, bəziləri isə sovetdən qalan vərdişlərlə köhnə tərzdə yazmağa davam etdi.Azərbaycanda “ədəbiyyat ədəbiyyat üçündür” tezisi heç vaxt ciddi şəkildə nə müdafiə edildi, nə də başa düşüldü. Sanki yazıçı ya mütləq vətəni “xilas etməlidir”, ya da ən azı ictimai rəyə təsir göstərməlidir. Bəs ədəbi sözün özü üçün dəyəri nə vaxt tanındı?Ədəbi təfəkkür, sənətkarlıq, dilin estetik imkanları, insan psixologiyasının dərin təhlili - bunlar hələ də ədəbi diskursun mərkəzinə gəlmir. Bu səbəbdən də oxucu ədəbiyyatdan qaçır, çünki yazılanlar ya boş ritorikadır, ya da başa düşülməyən bədii eksperiment. Ədəbiyyat alət deyil, dəyərdir. Ədəbiyyatın məqsədi təkcə cəmiyyətə dərs vermək deyil. Ədəbiyyat “moral” kitabı, sosial proqram və ya siyasi afişa deyil. Ədəbiyyat insanın varlığını anlamaq cəhdidir. O, insan təfəkkürünün, duyğusunun və faciəsinin estetik dillə ifadəsidir. Əgər bu, baş vermirsə, o zaman yazıçı ədəbiyyat yaratmır, sadəcə mətn istehsal edir...Azərbaycanda hələ də yazıçıdan “nəyisə deməsi”, “nəyəsə çağırması”, “kiminsə tərəfində durması” gözlənilir. Halbuki, bəzən susmaq da yazıçının mövqeyidir. Və ən əsası, yazıçı heç kimin tərəfində olmadan da yazıçı ola bilər.Ədəbiyyat ədəbiyyat üçün olmalıdır, çünki ədəbiyyat özü dəyərdir. Onun funksiyası son məqsəd deyil. Əgər bir roman, şeir və ya povest oxucunun estetik zövqünü formalaşdırır, onu düşündürür, sadəcə bir “həqiqəti” demək əvəzinə, yüz sual yaradırsa – bu, artıq kifayət edir. Ədəbiyyat cəmiyyətə dolayısıyla təsir etməlidir, birbaşa yox. Onun gücü bədii formadadır, ideoloji çığırtıda yox...Bugünkü Azərbaycan ədəbiyyatı isə hələ də iki ucda gedib-gəlir: ya "millət naminə" yazmağa davam edir, ya da "özünütəsdiq" üçün. Amma bir ədəbiyyat "öz dili"ni tapmadan, öz estetik iddiasını formalaşdırmadan nə milli olur, nə də bəşəri...Yazıçının borcu – yazmaqdır. Yazıçı siyasətçi deyil, əgər siyasətçidirsə, yaxud dindardırsa, bu onun fərdi seçimidir. Amma bütün bu seçimlərlə bərabər, yazıçının yazanda əsas borcu seçimlərini qarışdırmadan yalnız ədəbi istedadına və ardıcıl zəhmətinə güvənib yazmaqdır. Və yazdıqlarının yeganə meyarı – bədii dəyər olmalıdır. Əgər bir əsər sadəcə “yaxşı niyyətlə” yazılıbsa, o, ədəbiyyat deyil. Ədəbiyyat niyyətlə yox, sənətkarlıq dəyəri ilə ölçülür. “Ədəbiyyat ədəbiyyat üçündür” — bu ifadə bəlkə, eqoist, bəlkə də utopik görünür. Amma əslində, bu, gerçək ədəbiyyatın azadlığının, bütövlüyünün və yaşamaq haqqının yeganə zəmanətidir.Gəlin, açıq danışaq. Azərbaycanda ədəbiyyatın ədəbiyyat üçün bir sənət dəyərinə çevrilə bilməməsinin əsas səbəblərindən biri – özünü yazıçı elan edən, amma əslində, ədəbiyyatla heç bir psixoloji, estetik bağı olmayan bəzi adamlardır. Bu şəxslər ədəbiyyatı ya pilləkən, ya kürsü, ya da vəzifəyə gedən yol kimi görür. Onlar üçün kitab – prestijdir. Məzmun yox, “təqdimat” maraqlıdır. Belələri yazıçı deyil, ədəbi alverçilərdir..

.

İndi Azərbaycanda “kitab çıxarmaq” çox asandır. Bir az pulun varsa, kitab mağazalarının rəflərinə düzülmək asan olub indi. Amma kitab yazmaqla ədəbiyyat yaratmaq arasında böyük fərq var. Ədəbi mühitin bir hissəsi – içi boş tərif, qarşılıqlı alqış, “sən məndən yaz, mən də səndən...” prinsipi ilə işləyir. “Tənqid edin” desələr də, əslində, heç kim tənqid istəmir, sadəcə tərif və təqdir olunmaq istəyir. Qınanmaq, gözdən düşmək, “paxıllıqda” ittiham olunmaq qorxusu ilə ədəbi tənqid iflic vəziyyətindədir. Tənqid edənlər isə ya susdurulur, ya da “ədəbi sistemdə” görməzlikdən gəlinir. Bu, ədəbiyyatın artıq ədəbiyyat üçün yox, şəxsi sosial səhifə, sosial kapital və eqo qənaəti üçün var olması deməkdir. Nəticədə, nə baş verir? Oxucu sayının azalması, gənc nəslin ədəbiyyatdan uzaqlaşması, klassiklərlə müasirlər arasındakı uçurumun böyüməsi...Əgər bir ölkədə yazıçılar öz ədəbi gücü ilə yox, hansısa kresloya yaxınlığı ilə tanınırsa, orada ədəbiyyat ədəbiyyat üçün ola bilməz.İndi ədəbiyyatçı deyil, “ədəbi menecer” yetişir. Artıq gənc nəsil həqiqi yazıçı yox, "ədəbi influnser", "ədəbi PR mütəxəssisi", "insta-şair" olmaq istəyir. İndi şeir yazmaq yox, paylaşmaq önəmlidir. Roman yazmaq yox, “roman yazmışam” demək əhəmiyyətlidir. Bəli, müasir dövrdə sosial şəbəkə alətdir, amma ədəbiyyat sosial şəbəkə kontenti deyil. İnstaqramda 500 layk yazdığın şeirin ədəbi dəyərini müəyyənləşdirmir, Tiktokda kitabını reklam edirsən deyə sən yazıçı olmursan...Ədəbiyyat – ağrıdır, zəhmətdir, yalnızlıqdır, təkbaşına mübarizədir, yeri gələndə sadəcə istedadına sarılmağı bilməkdir. Amma bunu başa düşmək istəməyənlər sadəcə “ədəbi görüntü” nümayiş etdirənlərdir.Azərbaycan oxucusu da artıq fərqindədir – kim həqiqətən yazır, kim görüntü dərdindədir. Oxucu klassiklərə qayıdır, tərcümə ədəbiyyatına yönəlir, çünki milli ədəbiyyatda orijinal nəfəs, orijinal söz, orijinal fikir tapa bilmir. Əlbəttə, təkəmseyrək yaxşı yazanlar, sözün həqiqi mənasında ədəbiyyat yaradanlar var, amma azdır, çox azdır... Ədəbiyyatımız nəhayət ki, ya dirilməlidir, ya da... dirilməlidir, başqa yol yoxdur...Ədəbiyyat ya öz təbiətinə qayıtmalıdır – bədii sözün estetik müstəqilliyi tanınmalı, sifariş, qorxu, maskalanmış təbliğat ədəbiyyatdan çıxarılmalıdır, ya da bu adına “ədəbiyyat” dediyimiz şey sadəcə şəxsi eqoların kombaynına çevriləcək.Əgər ədəbiyyat ədəbiyyat üçün deyilsə, deməli, heç nə üçün deyil. O zaman əziz ədəbiyyatçılar, lütfən, kitab çıxarmayın. Poeziya “perfomans” deyil, roman “trend” deyil, yazıçılıq “karyera” deyil.Ədəbiyyat – həyatın içindəki ağrıdan doğan sənətdir. Onun başqa izahı yoxdur...

"Od qalar köz olar, qız qalar söz olar..." - Filmləri dillər əzbəri olan görkəmli kinorejissor

Müğənni Rəqsanə həbs edildi - Səbəb

Enriko Makiasın Türkiyə konserti ləğv edildi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
kulis.az

1Sources