EN

Milli Kitabxanada “Müslüm Maqomayev–140” adlı ənənəvi kitab sərgisi açılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Milli Kitabxanada görkəmli bəstəkar, Azərbaycanın ilk peşəkar opera dirijoru, Əməkdar incəsənət xadimi Müslüm Maqomayevin anadan olmasının 140 ili münasibətilə “Müslüm Maqomayev–140” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə dahi bəstəkar Müslüm Maqomayevin əsərləri, operaları, həyat və yaradıcılığı, Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, not məcmuələri, dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, Müslüm Maqomayev 1913-cü ildən “Şah İsmayıl”, “Sevgi” və “Məhəbbət” operalarını yazmağa başlayıb. O, 1916-cı ildə özünün ilk səhnə əsəri olan “Şah İsmayıl”ı bitirib. Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə edib, musiqi isə improvizasiya və muğam prinsiplərinə əsaslanıb.

O, 1920–1930-cu illərdə "Azərbaycan incəsənəti", "Raport veririk" kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" dram tamaşalarına və digər əsərlərə musiqi bəstələyib. Bəstəkar, həmçinin simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi", və s. yazıb. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirib.

Müslüm Maqomayev yaradıcılığının ən yüksək zirvəsini onun Avropa stilində yazdığı “Nərgiz” operası təşkil edir. Bəstəkar bu opera üzərində 3 il işləyib. “Nərgiz” operası Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutub. Buna görə müəllif “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Dahi bəstəkar Üzeyir Hacıbəyli ilə birgə yaradıcılıq yoluna başlayan və onun silahdaşı, dostu olan Müslüm Maqomayevin milli musiqimizin inkişafında, professional bəstəkarlıq məktəbinin yaranmasında böyük xidmətləri vardır. Azərbaycan Dövlət Filarmoniyasına Müslüm Maqomayevin adının verilməsi ilə bəstəkarın xatirəsi əbədiləşdirilmişdir.

Müslüm Maqomayev 5-ə yaxın simfonik əsərin, o cümlədən 2 opera, marşların və bir neçə rapsodiyanın, azərbaycanlı şairlərin şeirlərinə əsaslanan bir çox vokal əsərlərin müəllifidir.

 

Chosen
1
2
azertag.az

3Sources