EN

“Dövlət Suverenliyi Günü gələcək hədəflərə yönəlmiş milli strategiyanın simvoludur“ ŞƏRH OLUNDU

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycan xalqının dövlətçilik tarixi çoxəsrlik bir yolun məhsulu olmaqla, həm böyük dövlətçilik ənənələrini, həm də milli azadlıq və suverenlik uğrunda mübarizə ənənəsini özündə ehtiva edir. Bu mənada Dövlət Suverenliyi Günü təkcə bir tarixi hadisənin xatırlanması deyil, həm də milli yaddaşın və siyasi kimliyin mühüm dayaq nöqtəsidir. Çünki suverenlik anlayışı yalnız beynəlxalq hüquqi status deyil, eyni zamanda xalqın öz taleyini müəyyən etmək, müstəqil qərarlar vermək, milli mənafelərə əsaslanan siyasət yürütmək imkanıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, Azərbaycanın müasir tarixində suverenlik uğrunda mübarizə mərhələləri bir tərəfdən azadlıq arzularının ifadəsi, digər tərəfdən isə geosiyasi reallıqlar fonunda böyük sınaqların yaşanması ilə xarakterizə olunur: “XX əsrin sonlarında Sovet İttifaqının dağılma dövründə Azərbaycanın siyasi səhnəsində baş verən proseslər milli suverenlik ideyasının aktuallığını daha da artırdı. 1990-cı illərin əvvəllərində daxili çəkişmələr, idarəetmə böhranı və separatizm meyilləri dövlət müstəqilliyimizi təhlükə altına salmışdı. Bu dönəmdə suverenliyin qorunması yalnız hüquqi sənədlərin imzalanması ilə deyil, həm də siyasi iradə və xalqın milli birliyi ilə təmin oluna bilərdi. Azərbaycan xalqı yaxşı anlayırdı ki, suverenliyin bərpası və qorunması yalnız müstəqilliyin elan olunması ilə bitmir, o, real dövlətçilik mexanizmlərinin qurulmasını, güclü orduya, möhkəm iqtisadi dayaqlara, sabit siyasi idarəetməyə əsaslanan bir modelin yaradılmasını tələb edir.

Ümummilli lider Heydər Əliyevin siyasi səhnəyə qayıdışı ilə Azərbaycan məhz bu mərhələyə qədəm qoydu. O, dövlət suverenliyinin yalnız formallıqda deyil, praktik müstəvidə bərqərar olması üçün qətiyyətli addımlar atdı. Konstitusiya qəbul olundu, ordu quruculuğu prosesi başlandı, iqtisadiyyatın açılması və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində strateji qərarlar verildi. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın suveren iqtisadi siyasətinin təməl daşı oldu. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların beynəlxalq səviyyədə müdafiəsi, ərazi bütövlüyümüzün təmininə yönələn kurs məhz bu dövrdə əsaslı şəkildə formalaşdı.

Prezident İlham Əliyev dövründə isə dövlət suverenliyi anlayışı daha yüksək mərhələyə qalxdı. Azərbaycanın çoxşaxəli və müstəqil xarici siyasəti, regional və qlobal miqyasda artan rolu, enerji və nəqliyyat layihələrində mühüm tərəfdaş mövqeyinə yüksəlməsi suverenliyin real göstəriciləridir. Ən əsası, 2020-ci ildə Vətən müharibəsində tarixi qələbə qazanılması, 2023-cü ildə isə suverenliyin tam bərpa olunması bu anlayışı sadəcə hüquqi-siyasi kateqoriya olmaqdan çıxarıb real tarixi həqiqətə çevirdi. Dövlət suverenliyi artıq yalnız beynəlxalq hüquqda tanınan status deyil, xalqın iradəsi, dövlətin gücü və milli birliyin nəticəsi kimi konkret faktla təsdiqləndi.

Dövlət Suverenliyi Günü həm də çağırışdır: bu gün biz yalnız keçmişi xatırlamırıq, həm də gələcəyə baxırıq. Suverenliyin qorunması və möhkəmləndirilməsi davamlı siyasi iradə, iqtisadi müstəqilliyin dərinləşməsi, milli-mənəvi dəyərlərin gücləndirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlıdır. Müstəqillik şəraitində əldə olunan nailiyyətlərin saxlanılması və yeni hədəflərə yönəldilməsi hər bir vətəndaşın məsuliyyəti olmaqla yanaşı, dövlətin inkişaf strategiyasının da ayrılmaz hissəsidir. Azərbaycan bu gün regionda sabitliyin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edirsə, bu, məhz suverenlik prinsipinə sadiqlik sayəsində mümkün olmuşdur. Beləliklə, Dövlət Suverenliyi Günü təkcə tarixi yaddaşın qorunması deyil, həm də gələcək hədəflərə yönəlmiş bir milli strategiyanın simvoludur. O, Azərbaycan xalqının dövlətçilik yolunda çəkdiyi əzabların, qazandığı qələbələrin, əldə etdiyi təcrübənin və qarşıdakı vəzifələrin rəmzi olaraq hər zaman siyasi həyatımızda mühüm yer tutacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
sia.az

2Sources