Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub.
Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Müsabiqəyə 54-ü (3%) “Ümumi təhsil müəssisələri”, 1 498-i (97%) isə “Fərdi layihələr” kateqoriyası üzrə olmaqla ümumilikdə 1 552 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 516 (98%) layihə “Məzmun ekspertizası” mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 220 layihə qrant qazanıb. Həmin layihələrin 6-sı (3%) ümumi təhsil müəssisələrinin, 214-ü (97%) isə təhsilverənlərin fərdi layihələridir.
Qrant qazanmış iştirakçılardan 157-si (71%) ilk dəfədir ki bu müsabiqənin qalibi olub. Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Cəlilabad, Gəncə, Abşeron, Şəmkir və Sumqayıt daxildir.
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.