EN

Kölgə məktəbləri...

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bir tələbə qəbulu mövsümü də başa çatdı, amma tələbələrin heç də hamısı üçün yox. Kimi kirayə mənzil, kimi də təhsil haqqını ödəmək üçün imkanlar aramaqdadır: Axı andıra qalmış bu imkan elə bir şeydir ki, hamıda eyni dərəcədə olmur?

İlin bu vədələrində jurnalistlər də şərhlərilə gərgin durumu bir az da gərginləşidirir, məsələn, elə hey "kirayə mənzil bazarı od tutub yanır!” deyirlər. 

Əslində çox da şişrtmir, təhrif etmirlər, vəziyyət elə həqiqətən də təxmini belədir. Görünür, heç olmasa, güzəştli tələbə şəhərcikləri haqda ciddi düşünməyin vaxtıdır. 

Sadəcə, "od” məsələsi bir az adamı dilxor edir. Bilmirəm, qədim zərdüştülükdən - atəşpərəstlikdəndir, yoxsa qeyri səbəbdən, amma bir daha deyirəm ki, dördüncü hakimiyyət təmsilçiləri "od” kəlməsindən istifadə etməyi çox sevirlər. 

Digər məsələlər bir tərəfə, hətta bir də görürsən "kimsə sərt danışdı” əzvəzinə "filankəs od püskürdü!” söyləyirlər. Belə başlıqları görəndə şəxsən oxucu kimi düşünürəm ki, əcəba, görən, od bunların harasından çıxır? Həm də "od püskürüb” neyləyəcəklər? Məsəl var: sirkə tünd olub qabını sındıracaq! Burada yadıma Bulat Okucavanın çox məşhur "Kağız əsgər” nəğməsi də düşür...    

Nə isə. Sözüm bunda deyil. Təhsilimizlə bağlı bir-iki qeydim var və bəri başdan deyim ki, onuncu sinifdə (1982-ci il!) respublika riyaziyyat olimpiadasında üçüncü dərəcəli diplom alsam da, Moskva Universitetini və Bakıda aspiranturanı bitirsəm də, hətta bir il Bakıda rus məktəbində fizikadan dərs desəm də, kimsə narahat olmasın, özümü "təhsil eksperti”-filan kimi elan etmək fikrində deyiləm. 

Təhsilin sosiologiyası ilə bağlı da hansısa araşdırma aparmamışam, sorğu keçirməmişəm. Amma hamımız ən azı valideyn kimi nə vaxtsa təhsillə bağlı oluruq: əvvəlcə uşaqlarımızı, sonra da qismət olsa, nəvələrimizi oxuduruq. 

Üstəlik, məni əsasən bir məsələ maraqlandırır: görən, repetitorların xidmətindən istifadə etmədən ali məktəbə qəbul olan gənclər varmı?

Bilirsiniz, bəlkə də mənə rast gəlmir, bəlkə də səhv edir, yanılıram, amma demək olar ki, belələrinə təsadüf etmirəm. Bir daha deyirəm: məsələ ilə bağlı ciddi araşdırma aparmamışam, sadəcə, tanış-bilişdən fürsət düşəndə soruşmuşam. Hətta imkansızları deyir ki, ordan-burdan, borc-xərc tapıb uşağı repetitor yanına göndərib...

Repetitor məsələsi bugünün, dünənin söhbəti deyil, sovetin də vaxtında olub. Ondan da əvvəl, rus çarlarının dövründə də belə bir sistem mövcud olub. Hətta o vaxtlar tələbələr evlərdə dərs deyər, uşaqları gimnaziyalara hazırlayardı. Çox yazıçıların memuarlarında, o cümlədən qraf Lev Tolstoyun məşhur avtobioqrafik trilogiyasında da bu haqda var. 

Sovetin dövründə nəinki repetritor, hətta xüsusi məşqçi-müəllimlər (bizim dildə desək: əjdaha müəllimlər!) olurdu. Sonuncular şagirdləri fənn olimpiadalarına, əsasən də beynəlxalq olimpiadalara hazırlayırdılar. 

Heç sahədə kapitalist dünyasından geri qalmaq istəməyən SSRİ beynəlxalq fənn olimpiadalarına az qala, ciddi idman yarışı kimi baxırdı: olimpiadalarda iştirak üçün seçilən şagirdlərlə xüsusi müəllim-məşqçilər məşğul olurdu. 

Yeri gəlmiş, bir detal. Sovetin 70 illik hakimiyyəti vaxtında bircə nəfər belə olsun (səhv etmirəmsə!) azərbaycanlı gənc beynəlxalq olimpiadaya gedib çıxa bilməmişdi. 

Hamımız bu prosesi o vaxtın məşhur "Kvant” jurnalı vasitəsilə izləyirdik: səhv etmirəmsə, bircə dəfə bir özbək gənc fizika üzrə beynəlxalq olimpiadanın qalibi ola bilmişdi. Amma müstəqillik əldə olunandan sonra bizim neçə-nəçə gəncimiz beynəlxalq olimpiadaların qalibi oldu səhv etmirəmsə! Odur, tələsik deməyin ki, guya yaxşı nələr vardısa, hamısı Sovetin vaxtında qaldı...

Sırf repetitorlara gəldikdə, onlar gələcəkdə də olacaq, ona görə ki, şagirdlərin hamısının qavrama qabiliyyəti eyni deyil, ən əsası da heç də bütün şagirdlər müstəqil şəkildə ali məktəbə qəbul imtahanalarına hazırlaşa, biliklərini sistemləşdirə və ümumiləşdirə bilmirlər. 

Amma sovetin vaxtında müstəqil şəkildə ali məktəbə hazırlaşanlar nə qədər desən vardı! İndisə belələri ya tamam yoxdur, yaxud da çox azdır və bu səbəbdən də bizə rast gəlmirlər. 

Bəziləri buna tamam normal hadisə kimi baxır. Amma sual olunur: bəs onda məktəblər niyə lazımdır, əzizlərim? Onlar şagirdlərə hətta ali məktəbə qəbul olmaq üçün zəruri bilikləri verə bilmirsə, uşaqların böyük əksəriyyəti repetitor yanına qaçırsa, məktəblər nəyə lazım, orada çalışan müəllimlər niyə maaş almalıdırlar?.. 

Bir daha ərz edirəm ki, məsələ ilə bağlı ciddi araşdırma aparmamışam, bəlkə də yanılıram, amma hansı valideyndən soruşurşan, hamısı deyir ki,  uşaq repetitorla hazırlaşıb.

Müstəqilliyin ilk illərində müəllimlərin, məktəblərin elə həqiqətən də böyük problemləri var idi, müəllimlər demək olar, qəpik-quruş alırdılar və kimsə də onları təhsilin keyfiyyətinin aşağı olmasına görə qınaya bilmirdi. İndi, çox şükür olsun, vəziyyət xeyli dəyşibdi: maaşlar da artıb, məktəblər də yenidən qurulub, üstəlik, müəllimlərin işə qəbul praktikası da tamam dəyişib; işə imtahanla qəbul olunurlar. 

Demirik ki, maaş superdir, yox, bunu iddia etmirik, amma normaldır: məgər digər intellektual peşə sahibləri, məsələn, alimlər müəllimlərdən çox maaş alır? Ona görə təəccüb qalırsan: bunlar məktəblərin, təhsilin səviyyəsində niyə əksini tapmır?.. 

Məktəblərin çoxu sanki təhsil haqda arayış verən idarəyə çevrilib. Paralel təhsil şəbəkəsi -"kölgə məktəbləri” yaranıb. Adamın yadına lap "kölgə iqtisadiyyatı” ifadəsi düşür...

Hüseynbala Səlimov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
qaynarinfo.az

1Sources