“Səbail”in baş məşqçisi Elvin Məmmədovun futbolinfo.az-a müsahibəsi
– “Səbail” I Liqaya qələbə ilə başladı. Əsas rəqiblərinizdən olan “Mingəçevir” üzərindəki qalibiyyəti necə şərh edərdiniz?
– Öncə qələbə qazandığımız üçün uşaqlara təşəkkürümü bildirirəm, əziyyət çəkdilər və sonda meydanı 3 xalla tərk etdik. Ramiz Məmmədovun döyüşkən komanda qurduğunu və rəqibin meydanın hər qarışı uğrunda mübarizə aparacağını futbolçulara demişdik. Uşaqlar çox istəkli oyun göstərdilər. Şükürlər olsun ki, mövsümə qələbə ilə başladıq.
– “Səbail”in əksər oyunçuları Premyer Liqa təcrübəsinə malik futbolçulardır. Heyəti tam istədiyiniz kimi komplektləşdirdiyinizi demək olar? Yoxsa daha bir neçə təcrübəli yerli və legioner cəlb olunmasını istərdiniz?
– Hazırda daha bir neçə futbolçu ilə danışıq aparırıq. Alınsa, komandamıza həm yeni yerli, həm də legioner futbolçu gələcək.
– Növbəti turda “Difai”nin qonağı olacaqsınız. Bu görüşdə də qələbə qazana biləcəksiniz?
– Bizi səfər oyunu gözləyir. Hər səfər matçı çətin keçir. Bu oyuna da maksimum konsentrasiya ilə hazırlaşacağıq. İnşallah, qələbə istəyimizə çatarıq.
– Çempionluğu və Premyer Liqaya qayıtmağı hədəfləyən “Səbail”ə bu yolda hansı komandalar maneə yarada bilərlər? Ən çox çəkindiyiniz, sizinlə sonadək çempionluq mübarizəsi apara biləcək gücdə olduqlarını düşündüyünüz rəqiblər hansılardır?
– Biz çempion olmaq üçün çox əziyyət çəkməliyik, hamılıqla bunun fərqindəyik. Anlayırıq ki, hər bir rəqibə hörmətlə yanaşmalıyıq. Bu səbəbdən də konkret kimlərisə fərqləndirmək istəmirəm. Bütün rəqibləri ciddiyə alırıq.
– Bir məşqçi kimi I Liqada sizi narahat edən əsas məqam hansıdır?
– Məni ancaq stadion amili narahat edir. Bəzi meydançaların durumu çox pisdir.
– Milli komandanın sabiq futbolçusu olaraq, yığmamızın Ukraynadan xal almasını (1:1) necə şərh edərdiniz? Sizcə, millinin hazırda boş olan baş məşqçi postunda kimə şans verilməlidir?
– Ukrayna ilə heç-heçə, son məğlubiyyətlərdən sonra bu cür rəqibdən alınan 1 xal əla nəticə idi. O ki qaldı yığmanın baş məşqçisi məsələsinə, yerli mütəxəssislərin hər biri o yeri haqq edir.
İdman.biz