Tarix dərslikləri bir millətin yaddaşının, mədəniyyətinin və kimliyinin gələcək nəsillərə ötürülməsində əsas vasitələrdən biridir. Məhz buna görə də, tarix dərslikləri hazırlanarkən yüksək məsuliyyət və elmi obyektivlik tələb olunur. Tarix dərslikləri faktlara əsaslanmalı və elmi araşdırmalara söykənməlidir. Hadisələrə birtərəfli və ya ideoloji mövqedən yanaşma yolverilməzdir. Dərsliklər tarixi şəxsiyyətləri və hadisələri idealizasiya etmədən, olduğu kimi və müxtəlif mənbələr əsasında təqdim etməlidir. Hər hansı tarixi mübahisəli məsələ şagirdə fərqli baxış bucaqları ilə izah olunmalı, onun tənqidi təhlil aparmaq bacarığı inkişaf etdirilməlidir. Dərsliklərin dili sadə, anlaşıqlı və yaş səviyyəsinə uyğun olmalıdır. Mürəkkəb terminlər izah edilməli, uzun və ağır cümlələrdən qaçınılmalıdır. Tarix dərsliklərinin dili çox zaman şagirdlərin yaş səviyyəsinə uyğun olmur. Çox mürəkkəb və rəsmi dildə yazılmış mətni başa düşmək çətinləşir, bu da dərsin mənimsənilməsini zəiflədir. Eyni zamanda, bəzi dərsliklərdə izahlı şəkillərin və xəritələrin çatışmazlığı vizual öyrənməni məhdudlaşdırır.
Hadisələrin təqdimatı ardıcıllıqla qurulmalı, şagirdlər üçün maraqlı və yadda qalan şəkildə təqdim edilməlidir. Lakin bu dərsliklərdəki məzmunun obyektivliyi, elmi əsaslara söykənməsi və balanslı təqdimatı çox vaxt sual altına alınır. Tarix dərsliklərindəki problemlər təkcə tədris keyfiyyətini deyil, eyni zamanda cəmiyyətin tarixi dərk etmə tərzini də formalaşdırır və ona təsir edir.
Dərsliklərlə bağlı bir sıra problemlərin olduğunu elm və təhsil naziri Emin Əmrullayev də etiraf edir. Nazir hesab edir ki, Azərbaycan dərsliklərindəki tarixə aid mətnlər kifayət qədər mürəkkəbdir. Bununla yanaşı tarix dərsliklərinin dili də şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil: “Tarix kitablarının çoxu tarixi faktarın sıralamasından ibarətdir. Hesab edirəm ki, bu, dəyişməlidir".
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə deyir ki, pedaqogikada dərsliklər təhsilin məzmununu əks etdirən sənədlərdən biri kimi dəyərləndirilir. Dərsliklərdə təhsilin məzmunu şagirdlər üçün konkretləşdirilir. Bəlkə də buna görədir ki, dərsliklər bütün dövrlərdə diqqət mərkəzində olub və əksər hallarda onlara cəmiyyətin münasibəti bir mənalı olmayıb. Bunun özünəməxsus səbəbi var:
“Məlum olduğu kimi, təhsil dinamik xarakter daşıyan bir prosesdir. Onun məzmunu zamanın tələbindən asılı olaraq, daima dəyişir, yenilənir, təkmilləşir. Buna uyğun olaraq, dərsliklərdə yenilənməli, təkmilləşməlidir. Təəssüf ki, reallıqda bu heç də həmişə baş vermir. Dərsliklər müəyyən müddətdən bir hazırlanır. Buna görə də yeni tələblər səviyyəsində dərsliklərin hazırlanması vaxt tələb edir. Dərslik bir sıra hallarda yalnız bilik mənbəyi kimi dəyərləndirilir. Sözsüz ki, o bilik mənbəyidir və bu konteksdə, ilk növbədə, öyrədici funksiya daşıyır. Lakin dərsliyi yalnız bilik mənbəyi kimi dəyərləndirmək və yalnız öyrədici funksiya daşıdığını düşünmək onun məqsəd və vəzifələrini məhdudlaşdırmaq olardı. Dərslik şagirdlərə bilik verməklə yanaşı, onları tərbiyə etməlidir. Bu istiqamətdə dərliyin tərbiyəedici funksiyası ayırd edilir. Tərbiyəedici funksiya dərslikdə verilən materialların tərbiyəedici məzmun daşımasını tələb edir. Bununla yanaşı dərslik həmçinin inkişafetdirici funksiyaya malikdir. Daha dəqiq ifadə etsək, şagirdin öyrəndiyi hər bir material onun inkişafına xidmət etməlidir. Bunun üçün bir çox müəlliflər dərslikdə verdikləri materialların interaktiv məzmun daşımasına, problem situasiyanın yaradılmasına və s. çalışırlar. Bu yolla şagirdin hər bir materialı oxuyub öyrənərkən düşünməsinə, problemin həlli yollarını axtarmasına və həll etməyə nail olmasına çalışırlar. Onu qeyd edim ki, bu reallıq hələ qədim dövrlərdə insanlar tərəfindən “kəşf” edilmişdir. Məsələn, qədim Hindistanda dərsliklərin sual-cavab əsasında yazılması haqqında təhsil tarixində maraqlı məlumatlar var”.
Professorun dediyinə görə, dərsliklər çoxsaylı funksiyaya malikdirlər. Bu onun qarşısına qoyulmuş məqsədlərdən irəli gəlir: “Dərsliklər təhsilin növbəti pilləsində təhsil alması üçün şagirdləri dövrün tələbinə uyğun olan zəruri biliklərlə silahlandırmaq, əldə etdikləri biliklərı yaradıcılıqla tətbiq etmə bacarıqları aşılamaq üçün inkişaf etdirmək, onları həyata hazırlanmaq kimi məqsədləri öz məzmununda daşıyır. Qeyd edilən məqsəd və funksiyaların dərsliklərdə öz əksini tapması mürəkkəb prosesdir. Məsələyə bu konteksdən yanaşanda, aydın görünür ki, dərslik yazmaq üçün müəllif həmin fənn üzrə biliklərlə yanaşı, həm də dərin pedaqoji-psixoloji səriştəyə malik olmalıdır.
Dövrümüz özünəməxsus yenilikləri ilə insanı heyrətləndirməkdə davam edir. Bu özünəməxsusluqlar gənc nəslin təhsilinin yeni müstəviyə keçməsini tələb edir. Müasir dövrdə dərslik artıq yeganə bilik mənbəyi deyil, sosial media vasitələri də bilik mənbəyinə çevrilmişdir. Dərslik bilik mənbəyi missiyasını qorumaq, saxlamaq, itirməmək üçün yeni məzmun kəsb etməlidir. Bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayevin bu məsələyə toxunası, yeni dərsliklərin yazılma tələbini irəli sürməsi bu müstəvidə mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, günün tələblərinə cavab verə biləcək yeni dərsliklərin yazılması metodist, pedaqoq və psixoloqların əməkdaşlığı əsasında reallaşa bilər”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, dərsliklərin dili uşaqların yaş xüsusiyyətlərinə uyğun gəlmədikdə, bu, dərhal dərs prosesində hiss olunur:
“Mövzu nə qədər maraqlı olsa da, ağır terminlərlə və uzun-uzadı izahlarla təqdim ediləndə şagirdlər dərsdən soyuyur. Halbuki tarix fənni uşaqların milli kimlik və vətənpərvərlik hisslərini formalaşdırmaq üçün çox böyük imkanlar yaradır. Sadə, anlaşıqlı və yaş səviyyəsinə uyğunlaşdırılmış mətnlər həm öyrənməni asanlaşdırır, həm də fənnə sevgi yaradır. Biologiya dərslikləri ilə bağlı qeyd də çox önəmlidir. Biologiya qlobal elm sahəsi olduğundan dərsliklərimiz beynəlxalq standartlardan geri qalanda, uşaqların ali məktəbdə və beynəlxalq mühitdə təhsil imkanları da məhdudlaşır. Dünyanın inkişaf etmiş təhsil sistemlərində dərsliklər yalnız alimlər tərəfindən deyil, pedaqoqlar, metodistlər, psixoloqlar və müəllimlərin iştirakı ilə hazırlanır. Məsələn, Finlandiyada və Estoniyada dərsliklərin hazırlanması mərhələli şəkildə aparılır: əvvəlcə müəllim və şagirdlərin ehtiyacları öyrənilir, sonra pilot dərsliklər məktəblərdə sınaqdan keçirilir, yalnız bundan sonra yekun variant təsdiqlənir. Əslində, Azərbaycanda da artıq belə bir mexanizm var: Elm və Təhsil Nazirliyi müəyyən müddət ərzində dərsliklərin pilot versiyalarını yayımlayır, müəllimlər və istifadəçilərdən rəy toplanmasını təmin edir. Ancaq təəssüf ki, bu rəyləri neçə müəllim və ya sahə mütəxəssisi yazır? Bu, ayrıca bir problemdir. Əgər rəyvermə mexanizmi işləmirsə, deməli, pilot layihələrin də real təsiri azalır”.
Günay Əkbərova hesab edir ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün iki istiqamətdə iş aparılması vacibdir: “Müəllimlərə və valideynlərə rəyvermənin əhəmiyyəti izah edilməli, onların səsi ilə dərsliklərin daha keyfiyyətli ola biləcəyi vurğulanmalıdır. İkinci təşviq və motivasiya məsələsidir. Rəy bildirən müəllimlərin fikirlərinin nəzərə alındığını görməsi çox vacibdir. Əgər müəllim rəy verir, amma dəyişiklikdə bunu əks etdiyini görmürsə, növbəti dəfə rəy yazmaqda maraqlı olmur. Rəyvermə mədəniyyətinin oturuşması üçün şəffaflıq, nəticələrin ictimailəşdirilməsi və hətta müəyyən kiçik təşviq mexanizmləri yaradıla bilər.Beləliklə, biz yalnız yaxşı dərslik yazmaqla kifayətlənməməliyik, həm də dərsliklərin hazırlanması prosesinə müəllimlərin, valideynlərin və mütəxəssislərin daha fəal qoşulmasını təmin etməliyik. Bu, həm təhsil keyfiyyətini artıracaq, həm də dərsliklərin həqiqətən də şagirdlər üçün yazılmasına zəmanət verəcək”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, tarixini bilməyən gənc vətənpərvər ola bilməz: "Vətəni tanımaqla, onun tarixini bilməklə vətənpərvər olmaq olar. Bunun üçün tarix dərslikləri mükəmməl olmalıdır. Hesab edirəm ki, bizim tarix dərsliklərimiz struktur baxımdan qəsdən baş-ayaq yazılıb. Elə yazılıb ki, heç kəs öz tarixini öyrənə bilmir. 5-ci sinif şagirdinə qədim dövrü, 11-ci sinifdə isə müasir dövr öyrədilir. Aşağı siniflər üçün bu çətin, yuxarı siniflər üçün isə maraqsızdır. Hesab edirəm ki, tarix dərslikləri "Sadədən mürəkkəbə" və ya "Bu gündən keçmişə" prinsipi əsasında yazılmalıdır. Belə olan halda 5-ci sinif şagirdləri bu gün baş verənləri, yuxarı sinif şagirdləri isə qədimdə baş verənləri maraqla öyrənərlər".
Şahlar Əsgərov qeyd edib ki, təhsilin məzmununda tarix fənni böyük əhəmiyyət kəsb edir. Milli tarixi qədimdən başlayaraq bu günə gəlməklə öyrənməliyik, yoxsa bu gündən başlayaraq qədimə getməklə? Birinci halda tarix azyaşlı öyrəncilər tərəfindən dərk edilməz və sevilməz. Sevilməyən tarix kitabları oxunmaz, öyrənilməz. İkinci halda tarix başa düşülər, sevilər və öyrənilər. Çünki öyrəncilərin dərketmə qabiliyyəti yaşa dolduqca artır. Bu səbəbdən də tarix fənni mənimsənilsin deyə, dərsliklər bu gündən başlayaraq qədimə getmək şərti ilə yazılmalı və öyrənilməlidir.
Professor vurğulayıb ki, tarix dərslikləri yazılan zaman xüsusilə diqqətli olmaq lazımdır: "Tarix dərslikləri mükəmməl olmalıdır. Elə yazılmalıdır ki, şagirdlər Azərbaycanın tarixini öyrənə bilsin. Təəssüf ki, bu heç kəs öz tarixini öyrənə bilmir. Aşağı siniflər üçün bu çətin, yuxarı siniflər üçün isə maraqsızdır. Kitablarda bəzi subyektiv fikirlər yer alır. Tarix dərsliklərində subyektiv fikirlərin yer alması yolverilməzdir. Hesab edirəm ki, tarix kitabları dövlət başçısının və ya vitse-prezidentin rəhbərlik etdiyi redaksiya şurası altında müəllif kollektivi tərəfindən yazılmalıdır ki, subyektiv fikirlər kitabda yer almasın. Fikrimcə, vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilir. Tarix kitabımız, bizim ikinci müqəddəs kitabımız olmalıdır. Bir sözlə, təhsilin məzmununa baxışımız dəyişməlidir".
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, şagirdə gərəkli olan biliklərdən əlavə ona lazım olmayan biliklərin verilməsi, onların fikrini dolaşdırmaq, çətinliyə salmaq yolverilməzdir:
"Dərsliklərin və tapşırıqların çətinləşdirilməsi şagirdlərin əlavə məşğələlərə, müəllim yanına getməsinə imkan yaradır. Əgər bu problem həll edilsə, şagirdlərin də əlavə hazırlığa, repetitor yanına getməsinə ehtiyac qalmaz. Əvvəllər yalnız yuxarı sinif şagirdləri ali məktəbə qəbul imtahanına hazırlaşmaq üçün repetitor yanına getdiyi halda, indi valideynlər ibtidai sinifdən uşaqları müəllim yanına aparır. Çünki dərsliklərdəki mövzular o qədər qəliz və çətindir ki, uşaqların mövzularla bağlı dərsdə aldıqları bilgilər onlara kifayət etmir".
Tarix dərslikləri yalnız keçmişin xatırlanması üçün deyil, həm də gələcək nəsillərin vətəndaş kimi formalaşmasında əsas rol oynayır. Bu səbəbdən dərsliklərin hazırlanması prosesi zamanı faktlara əsaslanan, elmi və obyektiv yanaşma təmin olunmalıdır. Müxtəlif baxış bucaqları təqdim edilməli, tənqidi düşüncəyə yer verilməlidir. Regionların və azsaylı xalqların tarixləri dərsliklərdə balanslı şəkildə əks olunmalıdır. Müasir tarixin də tədrisə daxil edilməsi vacibdir. Dərsliklərin dili, strukturu və vizual təqdimatı şagirdlərin yaş səviyyəsinə uyğunlaşdırılmalıdır.
Təhsil sistemi yalnız faktların öyrədilməsi ilə kifayətlənməməli, həm də gələcək nəsillərdə analitik düşüncə, empati və obyektivlik kimi keyfiyyətləri formalaşdırmalıdır. Bu isə ilk növbədə dərsliklərdəki problemlərin aradan qaldırılması ilə mümkündür.
Nərmin Qarazadə