EN

"Mənim iki həssas nöqtəm var - biri 6 fevral zəlzələsi, digəri Qarabağ..." - Fulya Öztürk

"Süni intellekt jurnalistlərin işini asanlaşdıra bilər, amma onların yerini heç vaxt tuta bilməz"

"15 ildir  televiziya dövrünün sonu gəlir deyirlər, amma hələ də ön sıradadır”

Jurnalistika, informasiya texnologiyalarının və sosial medianın sürətli inkişafı ilə hər gün daha da dəyişir. Televiziyanın və internetin dominant olduğu bir dövrdə, jurnalistlərin rolu və etik anlayışları, həm cəmiyyətin gözləntilərinə, həm də media dünyasında baş verən dəyişikliklərə uyğun olaraq inkişaf edir.
Bu günkü müsahibimiz uzun illərdir jurnalistikada fəaliyyət göstərən CNN TÜRK Xəbər Mərkəzinin Xüsusi Xəbərlər rəhbəri Fulya Öztürkdür. Televiziya dünyasında tanınmış sima olan Fulya Öztürk, yalnız öz təcrübəsi ilə deyil, həm də jurnalistika dünyasında etik və vicdan anlayışını ön plana qoyan yanaşması ilə fərqlənir. O, jurnalistikaya olan sevgisini, zəhmətini və qarşılaşdığı çətinlikləri bizimlə bölüşərək, bu sahənin gələcəyini və xüsusilə Z nəsli üçün jurnalistika peşəsinin nə qədər vacib olduğunu vurğuladı.

F.Öztürk son dövrlərdə sosial medianın yaratdığı təsirlərdən, manipulyasiyalardan və bunların jurnalistika dünyasında yarada biləcəyi problemlər haqqında "Şərq"in suallarını cavabladı.

-Sizcə jurnalist necə olmalıdır?

-Jurnalist insanları mütləq sevməli, sosial məsələlərlə maraqlanmalı, ekstravert, güclü ünsiyyət bacarığına malik, vicdanlı olmalıdır.

-Z nəslinin jurnalistləri haqqında nə düşünürsünüz? 

-Son zamanlar jurnalistikaya, televiziya sahəsinə böyük maraq var. Məsələn, Türkiyədə kommunikasiya fakültələrinin sayı xeyli artıb. Amma o qədər çox tələbə var ki, onların hamısına iş imkanı yaradacaq platformalar mövcud deyil. Bir çox tələbənin, xüsusilə Z nəslinin sosial mediaya, rəqəmsal platformalara yönəldiyini müşahidə edirəm. Rəqəmsal platformalarda jurnalistika ilə məşğul olanlar, bu işi fərdi şəkildə görənlər, internet saytlarında çalışanlar var. Türkiyədə Z nəslinin bu sahədə iş axtardığının fərqindəyəm.

-Jurnalistikada Z nəslinə tövsiyyəniz nədir?

-Bir populyar mədəniyyət var. Hər kəs qısa müddətdə, asan yolla məşhur olub populyar olmağın dərdinə düşüb. İnsanlar bir az daha fərdiləşdiyinə görə, daha çox özləri ilə maraqlanırlar. Bu, hansı sahə olursa olsun, fərq etmir. Amma jurnalistika elə bir sahə deyil. Elə vaxt olur ki, makiyaj etmədən efirə çıxırsan. Əsas olan işin özü, yayımdır, xəbərin özüdür, çatdıracağın məlumatlardır. Jurnalistika — özünü ikinci plana atıb, məsələni cəmiyyətə düzgün şəkildə izah etməkdir. Bu peşə pul qarşılığında görüləcək bir iş deyil. Bu iş həyat tərzinə çevrilməlidir. Bu sahə puldan daha yüksəkdə dayanır. Arzu edirəm ki, Z nəsli bu məsələyə məhz bu baxış bucağından yanaşsın. Onların vicdanlı, çalışqan olmalarını, dünya xəbərləri ilə maraqlanmalarını, obyektiv, mərhəmətli və ölkəmizin maraqlarını hər zaman ön planda tutmalarını istərdim.

-Həm Türkiyədə, həm də dünya səhnəsində medianın gücünü itirdiyi deyilir. Bu barədə nə düşünürsünüz?

-Media gücünü itirməyib. Mən buna qatılmıram. Əksinə, xəbər kanallarına və xəbər saytalarına maraq, diqqət daha da artıb. Çünki həm Türkiyədə, həm Azərbaycanda, həm də dünya miqyasında o qədər hadisələr baş verir ki, hər yerdən xəbər axır. Dünya xəbər cənnətinə çevrilib. Bu gün Nepalda küçələrdə gərginlik var, Asiya qitəsində başqa hadisələr yaşanır, Avropada Fransada etirazlar höküm sürür, Orta Şərq isə hər zaman olduğu kimi münaqişələr və müharibələrlə üzləşir, ABŞ-də da vəziyyət gərgindir. Bir sözlə dünyaın hər yerində hadisələr baş verir. Bunlar əvvəllər də var idi. Amma bu qədər gərgin deyildi. İndi sosial media var, rəqəmsal dövrdəyik, hər şey daha görünən olduğu üçün xəbərlərin yayılması sürətləndi. Nəticədə hər kəs birdən-birə xəbərlərdən danışmağa, hadisələrlə maraqlanmağa başladı. Dünyanın demək olar ki, hər yerində internet var, beynəlxalq jurnalistlər var. Medianın gücü çox önəmli bir gücdür.

-Deyirlər ki, internet televiziyanın önünə keçib. Sizcə bu fikir doğrudur?

-Xeyr. Bu gün Türkiyədə və dünyada sosial media üzərindən çoxlu manipulyasiyalar edilir, insanların fikirləri dəyişdirilir. Amma televiziyalar hələ də ən çox üstünlük verilən vasitələrdir. Çünki sən özün belə internete baxanda "Bu, doğrudurmu?", "Bəlkə süni intellektdir, bəlkə yalandır" deyə şübhələnirsən. Həmişə bu şübhə ilə yanaşırsan. Lakin televiziyaların bir qaydası var. Məsələn Türkiyədə RTük var, yalan xəbərlərin verilməsi qadağandır. Bir xəbəri təsdiqlətmədən, doğruluğundan əmin olmadan televiziyaya verə bilməzsən. Yalan xəbər yayan bəzi kanallar ola bilər, lakin bunun cəzası var. Ən başda isə jurnalistika etikası nəzərə alınmalıdır. Bu böyük məsuliyyətdir. Televiziyada daha məsuliyyətli yayım aparırlar. Amma sosial media belə deyil. Televiziyalar və beynəlxalq medialar sanal mediadan böyükdür.

-Jurnalistika manipulyasiyaya edilirmi?

-Onu manipulyasiya edənlər var. Bunu edən televiziyalar da mövcuddur. Gözümün qarşısında neçə dəfə bəzi müxbirlərin hadisələri manipulyasiya etdiyini görmüşəm. Məsələn, bu ilin fevral ayında 6 fevral zəlzələsinin ildönümü idi. Mən də zəlzələ bölgəsində idim. Təbii ki, həmin bölgələrdə hələ də çətinliklərimiz var, amma işlər gedir. Hatayda minlərlə ev tikilib. Həmin gün bir müxbir tarixi binanın qarşısında çəkiliş etdi, arxa planda dağılmış binaları göstərdi və dedi ki, insanlar ölür, burada heç bir iş görülmür. Amma kameranı bir azca çevirsəydi, yeni tikilən binaları göstərəcəkdi. O, manipulyasiya etdi, yalan söylədi. 
Mən buna görə də jurnalist namizədlərinə vicdanlı, obyektiv və əvvəlcə ölkə maraqlarını ön planda tutan bir yanaşmanı mənimsəməklərini tövsiyə edirəm. Çünki mən düşünürəm ki, içimizdə də öz ölkəsini düşünməyən, maraqlarını önə çıxarmayan insanlar var. Bu, hər ölkədə mövcuddur. Bizim vicdanlı, mərhəmətli, hörmətli, ölkəsinin maraqlarını, bayrağını ön planda tutan, həqiqətən yerli, əxlaqlı jurnalistlərə ehtiyacımız var.
 
-Süni intellektdən istifadə edirsiniz?

-Bəzən istifadə edirəm.

-Süni intellektin gələcəkdə jurnalistikanı yox edə biləcəyini düşünürsünüzmü?

-Mən Türkiyədə jurnalistikanın, televiziyaların yox olacağını heç vaxt düşünməmişəm. Süni intellekt jurnalistlərin işini asanlaşdıra bilər, amma onların yerini heç vaxt tuta bilməz. Çünki biz, xüsusilə Türk xalqı, ənənəvi dəyərlərə sahibik. Bizim üçün televizya bir fenomen, bir dost kimidir. Evdə heç nə etməsən belə, sadəcə televiziyanın səsini açırsan. Bəlkə çox-çox illər sonra bəzi şeylərin əhəmiyyəti azala bilər. 
Televiziya dövrünün sona çatacağını son 15 ildir eşidirəm. Amma hələ də ən çox etibar edilən araşdırmalar televiziyada aparılır. Rəqəmsal media, dijital platformalar və televiziyaların izlənməsinə baxsaq hələ də televiziyanın birinci sırada olduğunu görərik.

-Sizcə media azadlığı nədir, media azaddırmı?

-Hər kanalın, hər qurumun, hər şəxsin bir fikri və mövqeyi var. Bəzi kanallar bir mövzuya bir tərəfdən, bəziləri digər tərəfdən, bəziləri də hər iki tərəfdən baxmağa çalışır. Tərəfsiz televiziyaların uzun müddət qalacağına inanmıram. Bizim çalışdığımız qurum hər tərəfin səsini ekrana yansıtmağa çalışır, amma əlbəttə ki, öz mövqeyi var. Bəzi kanallar özlərini tərəfsiz olaraq təqdim etsələr də, əslində yalnız bir partiyanın sözcüsü olurlar. Bu çox açıq şəkildə sezilir. Bu mövzu bir az şərhə açıqdır: kimə görə, nəyə görə?

-Sizcə jurnalist emossional ola bilərmi? Yəni, içindən gələn duyğularla bir hadisəni danışa bilərmi?

-Hər zaman duyğusal olmaq olmaz. Bəzi anlarda, soyuqqanlı qalmalısan, bəzi anlarda isə o duyğunu hiss etməlisən. Bu, bir balans məsələsidir. Məsələn, həyatımdakı ən böyük sınaqlardan biri 6 fevral zəlzələsidir. Mən həmin gün televiziyanın qarşısında heç ağlamadım. Çünki bu, kifayət qədər ağrılı bir hadisə idi. Soyuqqanlı qalaraq həm ətrafımdakı insanlara, həm də ekran qarşısındakı insanlara motivasiya verdim. Öz özümə ağlı başında qalmalıyım dedim. Amma bəzi anlarda duyğu o qədər güclü olur ki, hissiyatını çox da abartmadan verə bilirsən. Balansda olmaq lazımdır. 

-Biz sizi Qarabağ müharibəsi zamanı hazırladığınız reportajlarla daha yaxşı tanıdıq.

-Mənim həyatda iki həssas nöqtəm var. Biri 6 fevral zəlzələsi, digəri də Qarabağ məsələsidir. Qarabağ heç bir zaman ürəyimdən çıxmayacaq. Orada çox ağrı gördüm. Oxşar ağrıları da 6 fevralda yaşadım. Dağıntılar, göz yaşları, qan qoxusu...Azərbaycanda da minlərlə günahsız insanlar, körpələr öldü, hər gün torpaq qazıldı və hər gün o qazılan torpaqlara insanların cansız bədənləri qoyuldu. Mən bunların hamısını orada gördüm, yaşadım.

-Məşhursunuz, sizi qısqananlar olur?

-Əlbəttə ki, olur, olmazmı? İnsanların təbiətində var, bu. Məsələn, 2-3 yaşındakı bir uşaq yeni doğmuş qardaşına vurur, əlindəki oyuncağı alır, "səndə olmasın, məndə olsun" deyir. İki yaşındakı bir uşağa paxıllığı heç kim öyrədə bilməz. Biz doğarkən bu duyğuların hamısı bizdə olur. "Hər insan xəyanətə və cinayətə meyillidir" deyə bir söz var. Hər kəsin içində bir çox duyğunu yaratmaq potensialı olur. Amma zamanla, böyüdükcə bu duyğuları ya basdırarsan, ya da cilalayırsan. Kimisində bu duyğular daha güclüdür, kimisində isə daha azdır.
Mən özümü seçməmişəm, belə doğulmuşam, Allah məni belə yaradıb. Təbii ki, xarakterim doğulduğum yerə, ətraf mühitə görə də formalaşıb. Mənim bir mayam, təməlim var. Məktəbdə də çox danışan, enerjili və çox ekstravert idim.
Əslində hər yaxşı və pis duyğu bizim içimizdə var. Bu peşədə də, əlbəttə ki, paxıllıq edənlər var.

-Bəs onlarla necə mübarizə aparırsınız?

-Əvvəllər çox pis olurdum, bu barədə çox düşünürdüm. Ən yaxın gördüyüm dostlarım, dostum dediyim insanlar əslində məni qısqanırmış. Buna görə münasibətimin pozulduğu insanlar oldu. Qısqananlar hər zaman var. Amma yaşa dolduqca bəzi duyğuların mənası qalmır. Mən 20 yaşımda hər hansısa bir hadisəyə verdiyim reaksiyanı indi vermirəm. İllər keçdikcə insanoğlu dəyişir. Bu günkü mən, 5-10 il öncə olan mən deyiləm. Amma bəzi xasiyyətlərim hələ də dəyişməyib. Xarakterim, hərəkətliliyim, danışqanlığım əsas xüsusiyyətlərimdir. Lakin bəzi hadisələrə baxış bucağım və davranış tərzim dəyişib.

-Yaxşı jurnalist olmaq üçün nə etmək lazımdır?

-İlk olaraq xarakterin, xüsusiyyətlərin, təbiətin jurnalist olmağa uyğun olmalıdır. Ekstravert, insanları sevən, cəmiyyətlə maraqlanan, ünsiyyətinin yaxşı olması lazımdır. İnsan sevə bilməyən birinin yaxşı müxbir olacağını düşünmürəm. Ekstravert olmalısan, insanları sevməlisən, həyatı sevməlisən, cəmiyyətin problemlərinə marağın olmalıdır, vicdanlı və mərhəmətli olmalısan. Hər iş hər kəsə uyğun deyil. İstədiyin qədər təhsil al, amma o işin də sənə uyğun olması lazımdır. Yəni, o işlə sən "uyumlu" olmalısan. Əgər bu şərtlərin hamısı uyğundursa, o zaman çox çalışmaq lazımdır. Təbii ki, çox maneələr olacaq. Mənim də  qarşıma çox maniələr çıxıb. Paxıllıq edənlər, böhtanlar, yalanlar...Nələr yaşamışam...Çox ağladığım dövrlər olub. Amma artıq hər şeyin keçdiyini, geridə qaldığını düşünürəm. İndi olsa, eyni reaksiyanı verməzdim, verməyəcəyəm də.
Chosen
14
1
sherg.az

2Sources