Yeni tədris ili iki gündür başlayıb, amma artıq bir sıra məktəblərdə narazılıqlar özünü göstərir.
News24.az "Bakupost.az"-a istinadla xəbər verir ki, ilk şikayət Xırdalan şəhərində yerləşən 7 saylı tam orta məktəbdəndir.
Valideynlər onlara məcburi şəkil satılmasından narazıdırlar. Belə ki, Bilik Günü ilə bağlı tədbirdə şagirdlərin şəkilləri çəkilib və məktəbin direktor əvəzi Yeganə Paşayeva sinif rəhbərləri vasitəsilə valideynlərə bildirib ki, hər biri dörd şəkil almalıdır.
"Hər valideyn üçün bu, 12 manat təşkil edir. Məktəbdə 1-ci siniflərin sayı yeddidir. Bu siniflərdə ümumilikdə 200-dən çox şagird təhsil alır. Əgər hər bir şagird bu ödənişi etməli olarsa, bu, 2400 AZN deməkdir. Hansı ki, 1 fotonun çap olunması cəmi 30-40 qəpikdir", - deyə valideyn şikayətlənib.
Onun sözlərinə görə, digər valideynlər də bu vəziyyətdən narazı qalıb, bəziləri məktəbə gedərək etirazını bildirib. Onlar qeyd edirlər ki, şəkilləri almağa maddi imkanları yoxdur. Bir valideynin sözlərinə görə, uşağın məktəb ləvazimatları xərclərini çətinliklə qarşılayıb, indi də şəkil almağa məcbur edilir və buna imkanı yoxdur.
Valideynlərin sözlərinə görə, direktor əvəzi fotoqrafın guya Regional Təhsil İdarəsi ilə müqaviləsi olduğunu və oradan göndərildiyini bildirib. Məsələnin əsl təşəbbüskarının kim olduğu isə valideynlər üçün aydın deyil. Eyni zamanda, bəzi müəllimlərin də bu vəziyyətdən narazı olduqları bildirilir.